İbrahim Nəbioğlu:
Sanki əlindəki kitab özünün cavan ikən çıxan ilk kitabıdır…
Bu şəkli kim çəkib, bilmirəm.
Axşam çağı göndərdilər mənə.
Akademik Rafael Hüseynov Libraf mağazasından “Gələcək Çox Tez Gələcək” kitabını alır.
Üzündəki ifadəyə, təbəssümə diqqət edirsinizmi?
Sanki əlindəki kitab özünün cavan ikən çıxan ilk kitabıdır…
Bu sevincinə yaxşı bələdəm.
Tələbəsinin hansısa bir uğuruna, aspirantının çıxan məqaləsinə, doktorantının müdafiəsinə, hansısa müəllifin əsərinə də belə sevinir, belə mutlu olur. Məmnunluğunu əsirgəmir heç vaxt…
Kitab İstanbulda çapdan çıxanda ilk nüsxəni əlimə alanda da yazmışdım. Yenə yazıram – bu kitabın müəllifi elə Rafael müəllimin özüdür. Onun təkidi, israrı və təşviqi olmasaydı mən bu ağır işin altına girməyəcəkdim. Əziz dostumun məsləhətləri olmasaydı işim çıxmaza girəcəkdi. Alim kimi, dost kimi, kitabsevər kimi, böyük intellektual kimi elə “nöqtə atışı” fikirlər verdi ki, yükün altına girməyə cəsarət tapdım…
Kitabın fikir babası oldu;
Təsnif etmək üçün məsləhətlər verdi;
“Onun içindəki saat” adlı giriş sözü ilə açılır kitab;
Və nəhayət, bu axşam gedib kitab aldı.
Bu, sadəcə onun mənə olan münasibəti deyil, bu, Rafael müəllimin Əməyə verdiyi qiymətdir, korrektorundan redaktoruna, dizaynerindən tutmuş mətbəədəki sıravi işçinin alın tərini görmək, dəyərləndirmək, kitab sevgisini diri tutmaqdır.
Yaxşı ki, varsınız və yanımızdasınız!


