Qadın voleybolçular arasında Azərbaycan Premyer Liqasının çempionu müəyyənləşib
Qadın voleybolçular arasında Azərbaycan Premyer Liqasının 2024-2025-ci illər mövsümü üçün çempionu müəyyənləşib.
Həlledici görüşdə ötən mövsümün çempionu “Azərreyl” Abşeron komandası ilə qarşılaşıb. Oyun 3:0 (28:26, 30:28, 25:22) hesabı ilə dəmiryolçu qadınların qələbəsi ilə başa çatıb.
İlk final görüşü də eyni hesabla Abşeronluların xeyrinə başa çatıb. Bu səbəbdən də “Azərreyl”in sonda qalib gəldiyi (15:12) “qızıl set”də tərəflər güclüləri müəyyən etməli olub.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşmadan sonra mükafatlandırma mərasimi baş tutub. Qaliblərə mükafatları Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiric təqdim ediblər.
Finalda uduzan Abşeron komandası gümüş, bürünc isə Milli Aviasiya Akademiyasının komandasına nəsib olub.


