Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əli Nəcəfxanlı:

MƏZARLIQ

Baxır başdaşları göz döyə-döyə,

Ay aman, nə böyük daş meşəsidi.

Yasin sədaları ucalır göyə,

Torpağa təzə bir baş düşəsidi.

 

Adamlar yubanır burda bir qədər,

Sonra da gedirlər ömür sürməyə.

Günaha batmağa çıxıb gedirlər,

Gedirlər vurhavur vaxt öldürməyə.

 

Kim ki vaxtlı-vaxtsız bura köç edib,

Taleyi tükənib, baxtı dayanıb.

Burda soruşmurlar saat neçədi,

Çünki mərhumların vaxtı dayanıb.

 

Şəkillər duruxub mərmərlər üstə,

Çoxunun çox işi yarımçıq qalıb.

Külək arfa kimi çalır ahəstə -

Darvaza yenə də, bax, açıq qalıb.

 

Hər məzar - bir kövrək, həzin xatirə,

Heykəllər yapılıb bürüncdən, tuncdan.

Deyirlər ki, yağış qamış bitirər,

Burda başdaşları bitir bir ucdan.

 

Sinə daşlarında qərənfil rəsmi -

Saplağı qırıqdı, ləçəyi məhzun.

Qəbristana yağan yağışlar kəsmir,

Yağır, bəlkə yerin gözləri doysun.

 

Gorgahlar baş-başa verib uyumuş,

Burda qəm süslənər, qüssə bəslənər.

Allah, nə ola bir diliqurumuş

Durun, dağılışın deyib səslənə.

04.04.25.

* * *

Səməd Məlikzadə

Sağ ol, Əli bəy! Çox təbii, kövrək misralardı.

Məncə, məzarlığa ayaq qoyan hər kəs bu hissəri keçirir, amma şeirə çevirə bilmir...

Bunun üçün əsl şair ürəyi lazımdı...

Vidadi Nezerov

Hamının bildiyi sadə həqiqətlərin poetik təzahürü...Səmimi,pıçıltı ilə deyilən möhtəşəm fikirlər...Sağ ol, Şairim!

Məmməd Əvəzoğlu Mvs

Gözəl və çox təsirli şeirdir.Təbrik edirəm, şair! Qafiyələrə də fikir verdim, gözəldir. Bizim "məşhur" şairlərimiz hələ də 1-3, 2-4 qafiyə formasından qaçırlar.

Zarifa Başirqızı

Hər kəsin qəbiristanlıqga düşündüyünün sözlə möhtəşəm ifadəsi. İlk baxışda adi səslənən daş meşəsi, xüsusilə mükəmməl ifadədir

Xan Resuloglu

Əhsən! Mövzunu super işləmisən.

Bu cür şeirlər tərcümə olunduqda da uğur qazana bilir, çünki hər beyt, bənd gözlənilməz fəlsəfi-mistik dona bürünmüş haldadır.

Arif Fərzəli

Təbii kı, bütün əsl şairlərin fitri istedadı var.Bu onların belə doğulmayanlardan fərqidir.Öz aralarındakı bənzərsizliyə gəlincə.Əli Nəcəfxanlıda sözlə işləmək bacarığı çox yüksək səviyyədədir...

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin