Amerikalıya işgəncə verib öldürən rus əsgərlərinə hökm oxundu
Donetsk Qarnizon Hərbi Məhkəməsi (2014-cü ildən Rusiyanın nəzarəti altındadır – red.) amerikalı Rassel Bentlinin qətlinə görə dörd rus əsgərini 12 ilə qədər həbs cəzasına məhkum edib. Bu barədə Cənub Rayon Hərbi Məhkəməsinin mətbuat xidməti məlumat verib.
Texasda anadan olan Rassel Bentli müharibədə Rusiyanın tərəfində vuruşub. 2014-cü ildə Donetsk bölgəsindəki separatçılara qoşulub və 2017-ci ilə qədər Vostok batalyonunda xidmət edib. Daha sonra Sputnik ilə əməkdaşlıq edib. Donetskdə Bentli yerli bir qadınla evlənib və Rusiya vətəndaşı olub.
2024-cü ilin aprel ayında Bentli Donetskdə öldü. İstintaq Komitəsi dörd rus hərbçisini qətldə ittiham etdi: Vitali Vansyatski, Vladislav Aqaltsev, Vladimir Bajin və Andrey İordanov.
Müstəntiqlərin sözlərinə görə, 8 aprel 2024-cü ildə İordanov və Vansyatski Bentlinin "raket zərbəsinin nəticələrini çəkməyə hazırlaşdığını" görüblər. Onlar onun sənədlərini tələb ediblər və hərbi hissənin komandanlığına "təxribatçının şəxsiyyətini müəyyən etmək" barədə məlumat veriblər. Onu zorla maşına mindiriblər, başına torba keçiriblər. Vansyatski, İordanov və Aqaltsev "Bentlidən təxribat və kəşfiyyat qruplarında iştirakını etiraf etmək" istəyən amerikalıya döyüb işgəncə veriblər və nəticədə onun ölümünə səbəb olublar. Vansyatski və Aqaltsev daha sonra Bentlinin cəsədini maşının baqajına qoyub maşını partladıblar. Növbəti gün Bajin və İordanov partlayış yerinə gəliblər və Bentlinin qalıqlarını yandırıblar.
Vansyatski, İordanov və Aqaltsev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə zərərçəkmişin ölümünə səbəb olmaqda (Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsinin 5-ci hissəsi) təqsirli biliniblər. İordanov həmçinin həbsdən yayınmaqda (Cinayət Məcəlləsinin 313-cü maddəsinin 1-ci hissəsi) ittiham olunub. Bajin cinayəti gizlətməkdə (Cinayət Məcəlləsinin 316-cı maddəsinin 2-ci hissəsi) ittiham olunub. Məhkəmə Vansyatski və İordanovu maksimum təhlükəsizlik koloniyasında 12 il, Aqaltsevi 11 il, Bajini isə 18 ay müddətinə cəzaçəkmə koloniyasında cəzalandırıb.


