Zərnişan Azayeva /Turan/:
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının
İlk Həmrəylik Forumundan düşüncələr...
Ol deyincə olduran Uca Tanrının xeyir-duası, daş kitabələrlə vəsiyyətini gələcək nəsillərə ismarıc edən Kültiginimiz, Bilgə Xaqanımızın yadigarı Orxon Bəngüdaşları... Oğullarına “əlini, dilini, belini qoru”- tapşırığını verən böyüklərimiz, üləmalarımız, “bir olaq, iri olaq, diri olaq”- çağırışı edən Yusuf Has Hacibimiz, Yəsəvimiz, Nizamimiz, Mövlanəmiz, Yunusumuz...Dildə, fikirdə, işdə birlik yolunda can verənlərimiz... “Bir milləti yaşadan da, yüksəldən də onun milli ruhudur”- nidalı Əlibəy Hüseynzadələr, Əhməd Ağaoğullarımız... minlərimiz, milyonlarımızın ruhu indi burada-möhtəşəm “Gülüstan” Sarayında, rüzgarlar şəhəri Bakıda görüşdü...Ürəklər bir döyüntüdə, nəbzlər bir vurğuda... başımız üstündə, masalarda bayraqlarımız...Kürsüdə çıxış edən dövlət təmsilçilərindən ürəyimizdən keçənləri eşidirik. Kürsüyə çıxanlarkönlümüzdən keçənləri ərz etməkdədir,..budur birlik,budur bərabərlik!
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev: "Azərbaycan, Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi, ölkələrin vətəndaş cəmiyyətləri təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır". Bu da bizlərə verilən meydan, açılan qapılar,qarşıda görünən perspektivlər...
Ey Türk Ulusu, üstdə mavi göy çökmədikcə, altda yağız yer dəlinmədikcə sənin elini, sənin törəni kim poza bilər, kim? Bəlkə də fərqinə varmadan böyük bir tarixə şahidlik etməkdəyik bu günlər... Yoxsa yanlış oldu,biz o tarixin içindəyik?!
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının ilk həmrəylik forumu keçirilir, nə xoş bizlərə ki, bu forumun nümayəndələri, iştirakçılarıyıq. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva: "Vətən müharibəsində qazandığımız Zəfər, bütün Türk dünyasının Zəfəridir"-kəlmələri alqışlarla qarşılanır. Forum çərçivəsində keçirilən "Zəngəzur dəhlizi Türk coğrafiyasını birləşdirən körpü" panelində Özbəkistanın Ali Məclisinin Qanunvericilik Palatasının Komitə sədri Babur Bekmuradov:"Bu gün müzakirə olunan Zəngəzur dəhlizi Azərbaycan, Qafqaz və bütün Türk Dünyası üçün strateji əhəmiyyət daşıyır. Bu layihə təkcə iki dövlət üçün deyil, həm də regional ölkələr, Mərkəzi Asiya, o cümlədən Özbəkistan üçün də çox önəmlidir"-söyləyir.Türkiyənin "Yaşılay" təşkilatından Mehmet Güllüoğlu:"Azərbaycan hər zaman TDT-nin birləşdirici ölkələrindən biri olduğunu nümayiş etdirir".Bu birlik eyni soy-kökdən gələn xalqların tarixi bağları, ortaq maddi-mənəvi dəyərləri, ölkə başçımızın-"Türk dünyası bizim ailəmizdir"-doğmalığının, səmimiyyətinin təsdiqidir.. Bu birliklə hələ çox ilklər həyata keçəcək.Dünyaya sülh, xoşbəxtlik qapıları elə Zəngəzurdan açılaçaq bəlkə Yer üzünə...Xarabazarlıqdan qurtulan, yenidən yaşama dönən, ulu dədələrimizin ruhunu yaşadan,tarixi İpək Yolunun missiyasını da yeni texnologiyalar,logistikalarla üzərinə götürəcək bu cənnətməkan yerlərdən.Zəngəzur dəhlizi mədəniyyətlərin qovuşduğu, şükranların göylərə ucaldığı məkan olacaq.
31 il öncə Azərbaycan Dövlət Televiziyası (AzTV-də), arxivlərdən topladığım ağlı-qaralı kadrlarla"Turan" verilişinin çəkilişlərinə başladığımız vaxtları xatırlayıram.Rejissorun –“bu alayarımçıq kadrlarla nə qədər davam edəcəyik”?- nigarançılığına çox tezliklə elə ürək açan canlı-canlı görüntülərimiz olacaq ki...müstəqilliyini qazanan dövlətlərimizin gəlişməsindən, ortaq dəyərlərimiz, birgə işlərimiz, uğurlarımızdan danışacağıq.Türkün şanlı tarixini olduğu kimi dünyaya çatdırmağa, işıqlandırmağa yüzlərlə telekanallar,radiolar, FM dalğalar sıra gözləyəcək. Böyük Cavidimizin -"Turana qılıncdan daha kəskin, ulu qüvvət yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət" -çağırışı ilə Böyük Kimlik yoluna çıxdıq.Türksoylu xalqların tarixi,mədəniyyəti, dünyaya bəxş etdiyi dəyərlər mövzumuz oldu.Sayından asılı olmayaraq hər bir Türk Boyunun özünəməxsusluğunu, elini-dilini, “qırmızılar”ın tikanlı məftillərindən yenicə qurtulan bütün həmsoylarımıza, efir vasitəsilə sərhədlərimizdən çox-çox uzaqlara çatdırmağı özümüzə vəzifə borcu etdik. "Turan" verilişi uzun illər Türk xalqlarının kültür elçisi,körpüsü adını daşıdı..Bu gün həmin görəvi, bir qədər fərqli şəkildə "Turan" Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək" İctimai Birliyi olaraq davam etdirməkdəyik.Bu il Agentliyinmaliyyə dəstəyi iləTürk xalqlarına məxsus qədim "Toxuculuq və ebru sənətinin öyrədilməsi" kurslarında işsiz,evdar xanımlara,tələbələrə,məktəblilərə yüksək ixtisaslı təlimçilər tərəfindən bu sənət sahələrinin sirrləri öyrədildi.Onların peşə qazanmağına,məşğulluğuna yardım edildi.Həmin sənətsevərlərimizin günün birində elə Zəngəzurda sərgisinin açılışına da ümidimiz birə yüzdür...
...Qarşıda görüləcək işlər çox. Sənə əlini uzadıb –“birgə çalışaq”-, söyləyən dostların, həmkarların olunca, nailiyyətlər,qələbələr mütləq olacaq.Bütün həmkarlarıma, hər kəsə bu vacib görəvində uğurlar diləyi ilə...
Zərnişan Azayeva /Turan/
"Turan" Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək" İctimai Birliyi
Əməkdar jurnalist
28.11.2025


