"Abşeron Lions" "Neftçi" ilə görüşdə revanş edib
Noyabrın 19-da kişi basketbol klublarının mübarizə apardığı Avropa Kubokunun (FİBA Europe Cup) qrup mərhələsində sayca 6-cı olan son turun oyunları keçirilib. Turun maraqlı oyunlarından biri turnirin "İ" qrupunda yer alan iki Azərbaycan təmsilçisinin qarşılaşması olub. Söhbət Bakı İdman Sarayında baş tutan "Neftçi" - "Abşeron Lions" matçından gedir. Qeyd edək ki, həmin Azərbaycan derbisi ikincinin 9 xal fərqli qələbəsi ilə başa çatıb - 86:95 (28:20, 15:27, 25:22, 18:26). Bununla da "şirlər" ilk oyunda üzləşdiyi məqlubiyyətin (86:104) əvəzini çıxıb. Yeri gəlmişkən, bir məqamı da qeyd edək ki, "Neftçi" bu oyunda məğlub olsa da, hələki, ən yaxşı qrup ikincisi olan klub kimi pley-offa çıxmaq şansını itirməyib.
Xatırladaq ki, "Neftçi" qrup mərhələsində "Treflu" (Polşa) klubuna bir dəfə uduzsa da bir dəfə də udub (63:92 və 92:87), Estoniya təmsilçisi "Kalev"lə qarşılaşmalarda da eyni nəticə göstərib (93:84 və 82:88).
"Abşeron Lions" klubuna gəlincə, "Treflu"ya qarşı oyunlarda 96:99 və 78:98, "Kalev"lə qarşılaşmalarda isə 85:93 və 101:71 nəticəsi qeydə alınıb.
Son tur çərçivəsində "İ" qrupunda keçiriləcək daha bir oyunda isə "Treflu" ilə "Kalev" üzləşəcək. Həmin oyunun nəticəsi turnir cədvəlində nəzərə alınmayıb.
Hazırda "İ" qrupunda vəziyyət belədir:
Komanda O Q M T/F X
1. Treflu 5 4 1 +32 9
2. Neftçi 6 3 3 -10 9
3. Abşeron 6 2 4 -9 8
4. Kalev 5 2 3 -62 7
İNTİQAM Məmmədov


