Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəybala Mirzəyev: 

Tarixə aşırı dərəcədə bağlanmaq da bir xəstəlikdir...

Ermənistanın bir dövlət kimi Azərbaycana qarşı təcavüzkar müharibə siyasəti aparması 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatından sonra dayansa da, lakin daşnak xislətli erməni tarixçilərinin, jurnalistlərinin, ekspertlərinin ideoloji müstəvidə müharibəsi, informasiya savaşı davam edir.

Daşnakların fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın haqq işini dəstəkləyən və ermənilərin Cənubi Qafqaza gəlmə xalq olduğunu dəstəkləyən əcnəbi araşdırmaçılara və onların əsərlərinə qarşı qaralama, gözdənsalma, linçetmə kampaniyası aparmaqdır.

Litvalı tarixçi və siyasətçi Alqimantas Lekis də daşnak ideoloqlarının əsas hədəflərndən biridir. Çünki bu tarixçinin yazdığı "XХ əsrdə Qafqazda xalqların köçürülməsi" ("Переселение народов на Кавказе ХХ в.") adlı əsəri, həm Cənubi Qafqazın, həm də Şimali Qafqazın etnik-siyasi xəritəsinin XX əsrdə necə formalaşdığını və hansı kütləvi faciələrlə müşayiət olunduğunu tədqiq edən ciddi bir monoqrafiya kimi ermənilərin bir çox saxtakarlıqlarını ifşa edir.

A.Lekisin əsərinin "Giriş" hissəsindən bir parça:

"Son iki yüz ildən artıq müddət ərzində Azərbaycan ərazisi və onun sakinləri daimi olaraq məhrumiyyətlərə və soyqırıma, sürgünlərə və işğala, ilhaqlara (anneksiya) və müxtəlif növ təzyiqlərə məruz qalıblar. Bir çox azərbaycanlının qənaətincə, əksər hallarda bu, böyük dövlətlərin və iri regional dövlətlərin xarici siyasət ambisiyaları səbəbindən baş verib. Bununla belə, bu, onların əlaltılarının yardımı olmadan da ötüşməyib. Bu əlaltılar ilk növbədə və əsasən, vaxtilə azərbaycanlıların öz torpaqlarında, öz kəndlərində və şəhərlərində sığınacaq verdiyi ermənilərdir" (səh. 7-8).

2019-cu ildə vəfat etmiş Alqimantas Lekisin əsərinin sadəcə giriş hissəsində vurğuladığı fikirlər daşnak propaqandistləri o dərəcədə qəzəbləndirib ki, onlar nəinki bütövlükdə əsərin özünə və onun müəllifinə qarşı, hətta sözügedən əsərin giriş hissəsinə qarşı ayrıca məqalələr yazmaqdan, sosial mediada paylaşımlar etməkdən usanmırlar.

Bu da bir daha onu göstərir ki, hətta Ermənistan və Azərbaycan dövlətləri arasında nə vaxtsa yekun sülh sazişi imzalansa da belə, lakin erməni tarixçiləri, daşnak ideoloqları anti-Azərbaycan xarakterli fəaliyyətlərindən heç vaxt əl çəkməyəcəklər. Və eyni zamanda, Azərbaycanın haqqını müdafiə edən əcnəbilərə qarşı təzyiqləri davam etdirəcəklər.

Deməli, biz də heç vaxt arxayınlaşmamalıyıq.

Nəzərə almalıyıq ki, tarix üzərindən manipulyasiya aparmaq və dünya birliyini aldatmaq ermənilərin ən güclü silahlarından biridir. Deməli, bizim də bu istiqamətdə cavab arsenalımız və öz "yol xəritəmiz" olmalıdır.

P.S.

Yeri gəlmişkən, tarix üzərindən təhlükəli oyunlar oynamağa və Cənubi Qafqazın tarixinə korrektələr etməyə qonşu gürcülərdə də güclü meyl var. Ümumiyyətlə, tarixə aşırı dərəcədə bağlanmaq, qapanmaq da xüsusi bir xəstəlik növüdür...

Best coffeeshop in Berlin