“Azad elim, abad yurdum” - Masallıda tədbir
Oktyabrın 16-da Masallı Dövlət Regional Kollecində “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində “Füzuli Şəhəri Günü” münasibətilə “Azad elim, abad yurdum” adlı tədbir keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti, Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 44 günlük Vətən müharibəsi iştirakçıları və gənclər iştirak ediblər.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Kollecin direktor müavini Dilarə Hüseynova çıxışında Prezident İlham Əliyevin sərəncamı ilə təsis olunan “Füzuli Şəhəri Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Füzulinin 17 oktyabr 2020-ci ildə işğaldan azad olunmasının tarixi əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından və bu gün aparılan quruculuq işlərindən danışıb.
Masallı RİH-in baş məsləhətçisi Nuranə Muradova çıxışında Vətən müharibəsində əldə olunan qələbə, Füzuli şəhərinin strateji əhəmiyyəti və orada həyata keçirilən beynəlxalq layihələr barədə məlumat verib. O, Füzuli Beynəlxalq Hava Limanı və Türk dövlətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri qeyd edərək, Azərbaycanın quruculuq gücünü vurğulayıb.
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva Azərbaycanın azad olunmuş ərazilərində aparılan yenidənqurma işlərinin ölkənin siyasi və iqtisadi gücünü nümayiş etdirdiyini bildirib.
Tədbirdə iştirak edən müharibə veteranları Şadman Quliyev, Talıb Qəzənfərli və Sadiq İsazadə Füzulinin azad olunmasında iştiraklarından qürur duyduqlarını, əldə olunan qələbənin xalqın birliyi və Ordunun qəhrəmanlığı ilə mümkün olduğunu vurğulayıblar.
Tədbir Vətən müharibəsi iştirakçılarının Fəxri Fərmanla təltif olunması və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Akif AĞAYEV


