Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Uğurlu məşqçi, nümunəvi müəllim

 

Nazirlik Masallı UGİŞM-nin baş məşqçisini təltif etdi

 

Masallı rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin dərs hissə müdiri, futbol bölməsinin baş məşqçi-müəllimi Rövşən Zakir oğlu Süleymanov uşaq və gənclərin fiziki inkişafı, idmanın təbliği sahəsindəki səmərəli fəaliyyətinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin 26 sentyabr 2025-ci il tarixli əmri ilə Fəxri Fərmanla təltif olunub.
Bu əlamətdar hadisə münasibətilə Masallı UGİŞM kollektivi adından elm və təhsil naziri cənab Emin Əmrullayevə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevə və Masallı rayon sektorunun müdiri Elman Rzayevə Rövşən müəllimin timsalında məktəbimizə göstərdikləri diqqət və dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.
Məlumat üçün bildirək ki, Rövşən Zakir oğlu Süleymanov 28 avqust 1975-ci ildə Masallı şəhərində anadan olub. 1981–1992-ci illərdə C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı və N.Nərimanov adına Masallı şəhər 2 saylı orta məktəblərində orta, 2003-2007-ci illərdə isə Azərbaycan Beynəlxalq Universitetinin İdman fakültəsində ali təhsil alıb.
Peşəkar fəaliyyətinə 2007-ci ildən Lənkəran-Astara Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat Məktəbində futbol bölməsinin baş məşqçi-müəllimi kimi başlayan Rövşən Süleymanov 2025-ci ildən etibarən məktəbin dərs hissə müdiri vəzifəsini icra edir.
2011-ci ildən AFFA-nın Cənub bölgəsi üzrə nümayəndəsi və “Elit” layihəsinin cənub zonası üzrə koordinatoru olan Rövşən müəllim bölgədə uşaq futbolunun inkişafında xüsusi rol oynamış, futbolun kütləviləşməsinə və gənc istedadların üzə çıxarılmasına dəyərli töhfələr vermişdir.
Onun fəaliyyəti yalnız idman sahəsi ilə məhdudlaşmır. Rövşən Süleymanov eyni zamanda Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi rayonun ictimai-siyasi həyatında da yaxından iştirak edən nüfuzlu ziyalılardandır.
Rövşən Süleymanovun futbolçu kimi karyerası maraqlıdır. Uşaq yaşlarından futbola maraq göstərən Rövşən Süleymanov 10 yaşından bu idman növü ilə məşğul olmağa başlayıb. Orta məktəb illərində (1990-1995) Masallının “Viləş” klubunda çıxış edərək yüksək liqada oynayıb. Hərbi xidmət dövründə (1995-1997) “Ordu İdman Klubu”nda (OİK), daha sonra “Xəzər Universiteti” (1997-1998), “Qarabağ” (2000-2001) və “Kəpəz” (2001-2003) klublarında professional futbolçu kimi çıxış edib.
Peşəkar futbolçu kimi karyerası ərzində yüksək liqada 277 oyun keçirən Rövşən Süleymanov 37 qolun müəllifi olub.
Bu uğur münasibətilə Rövşən müəllimi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.


Akif AĞAYEV
 

Best coffeeshop in Berlin