Gürcüstanda Qərbi Azərbaycanın Mədəni İrsi müzakirə olundu +FOTO=10
Gürcüstanda Qərbi Azərbaycanın Mədəni İrsinə aid tədbir keçirildi. Tədbir, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin “Qərbi Azərbaycana Qayıdış ərəfəsində maddi-mədəni irsin mövcud vəziyyəti hüquq müstəvisində” adlı layihəsi çərçivəsində, həyata keçirildi.
Tədbirdə AMEA Tarix və Etnologiya İnstitunun əməkdaşı Faiq İsmayılov çıxış edərək bildirdi ki, indiki Ermənistan ərazisində bir əsrdən çoxdur ki, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti ərazidə yaşayan insanlarla bərabər Azərbaycan mədəni irsinə - də ciddi zərbə vurmuşdur. Beləki bu ərazilərdəki azərbaycanlılara məxsus tarix mədəniyyət abidələrinin bir qismi tamamilə məhv edilmiş, bir qism abidələrin memarlıq quruluşu dəyişdirilərək öz görkəmindən məhrum edilmiş inzibati yaşayış məntəqələrinin adları, toponimlər, yer yurd adları dəyişdirilərək erməni adları ilə əvəzlənmişdir.
1988-ci ildə 300 mindən çox azərbaycanlı öz yerlərindən deportasiya olunanda əhalinin şəxsi mülkiyyətində olan 100 mindən çox daşınan tarix və mədəniyyət abidələri (xalça, fərməş, xurcun, at çulu, kilim və digər xatirə abidələri) ermənilər tərəfindən zorakı şəkildə ələ keçirilərək mənimsənilmiş və Ermənistan təkmillətli (Monoetnik) Respublikaya çevrilmişdir.
Tarixə diqqət yetirdikdə, ermənilərin özləri bu ərazilərə Çar Rusiyasının təşəbbüsü ilə tarixin müəyyən mərhələlərində müxtəlif ölkələrdən köçürülüblər. Qərbi Azərbaycan ərazisinə ermənilər, XIX-XX əsrlərdə Rus imperiyası tərəfindən İrandan və Türkiyədən həmçinin XX əsrdə Yunanıstan, Suriya, Fransa və s. ərazilərdən gətirilərək məskunlaşdırılıblar. Bu barədə rus tədqiqatçısı İ.N.Şavrov yazırdı: “1828-ci ildən «1830-cu ilədək biz Zaqafqaziyaya 40 mindən çox İran və 84600 Türkiyə ermənisi köçürdük və onları erməni əhalisinin Yelizavetpol quberniyasına (Gəncə,Qarabağ) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdik.
Bütün bunlar bir çox erməni müəllifləri tərəfindən də təsdiq olunur. Beləki, erməni müəllifləri tərəfindən yazılmış və 1968-ci ildə Moskvada nəşr olunmuş, «Erevan» adlı tarixi kitabda «İrəvan qalası 1582-1583-cü illərdə Fərhad Paşa tərəfindən inşa edilmişdi. 1760-cı ildə inşasına başlanmış və Hüseynəli xanın hakimiyyəti illərində (1764-1768) başa çatmış, Azərbaycan memarlığının ən yüksək incəsənət abidəsi sayılan, öz görkəmi ilə səyyahları heyran edən, İrəvan məscidləri arasında ən böyük məscid olan əzəmətli Göy-məscid, 1687-ci ildə tikilmiş Novruzəli xanın məscidi, 1725-ci ildə inşa edilmiş Rəcəb paşa məscidi, XVIII əsrin əvvələrində inşa edilmiş Abbas Mirzə Camesi, Zal-xanın məscidi, XVIII əsrin sonlarında Mahmud xanın dövründə inşa edilmiş Sərdar sarayı (3, s. 18-55) və s. Inşa edilmişdir”.
Yenidən indiki Ermənistandakı dədə baba yurdlarına qayıtmaq oradan qovulmuş hər bir azərbaycanlının arzusudur. Vətən Savaşının və antiterror tədbirlərinin nəticələri bu strategiyanın ilkin mərhələsini uğurla reallaşdırdı. Azərbaycanın bütövlüyünün hüquqi təminatının ardınca bu bütövlüyün mənəvi təminatını – Qərbi Azərbaycana qayıdış məsələsini Prezident milli ideyanın tərkib hissəsi kimi müəyyənləşdirib. Qarabağ icmasının iqamətgahının və ona dövlət dəstəyinin Qərbi Azərbaycan İcmasına transferi isə heç də rəmzi və emosional anlam daşımır, bu, əslində məsələnin dövlətin hüquqi, elmi, siyasi və strateji fəaliyyət prioritetinə çevrildiyini rəsmən göstərir.
Prezidentin Qərbi Azərbaycan strategiyasının əsas istiqaməti bu hədəfin qısa müddətdə gerçəkləşməsini təmin edəcək mexanizmləri hazırlamaq, tətbiq etmək və arzulanan nəticəyə nail olmaqdır.
2020 və 2023-cü il hərbi əməliyyatları sübut etdi ki, bu tarixi vəzifəni reallaşdırmaq Azərbaycan Silahlı Qüvvələri üçün heç də mümkünsüz deyil. Lakin İlham Əliyevin mövqeyi aydındır: azərbaycanlılar dədə-baba yurdlarına savaşın nəticələri ilə yox, diplomatik-siyasi fəaliyyətin yekunu ilə dönəcəklər.
Prezident Ermənistana qarşı ərazi iddiası deyil, milyonlarla insanın pozulmuş hüququnun bərpası tələbini irəli sürür. O, hərbi yönümə yox, siyasi, hüquqi, beynəlxalq, diplomatik fəaliyyətə üstünlük verir.
Qərbi Azərbaycana Qayıdış Kosepsiyası da məhz bu prinsiplər, tələblər və şərtlər çərçivəsində hazırlanıb. Deportasiya olunmuş soydaşlarımızın təşkilatlanması başa çatıb, Qərbi Azərbaycan İcmasının timsalında vahid platforma formalaşıb. Azərbaycan dövlətinin coğrafi sərhədləri ilə yanaşı, milli-mənəvi sərhədlərini də prinsipallıqla qorumaq iqtidarında olması və zərrə qədər də güzəştə getməməsi son illərin əsas göstəricisidir.
Bu baxımdan indiki Ermənistan ərazilərində aərbaycanlılara məxsus tarix və mədəniyyət abidələri qeydiyyata alınmalı, onların mühafizəsi Ermənistan Dövləti səviyyəsində təşkil edilməlidir.
Tədbirdə Ermənistanın Bazarçay dərəsi ərazilərindəki tarixi yerlər və abidələrlə bağlı slayd və Şərqi Zəngəzur tarix və mədəniyyət abidələrindən ibarət sərgi nümayiş etdirildi. Tədbirin sonunda Layihə əməkdaşları gətirdikləri sərgini Axundov adına Muzeyə hədiyyə etdilər.


