Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda “Çəltik və Düyü Festivalı” keçirilib

Sentyabrın 26-da Masallı rayonunda kənd təsərrüfatının önəmli sahələrindən biri olan çəltikçiliklə bağlı ənənəvi “Çəltik və Düyü Festivalı” keçirilib. 
Festival Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı mərkəzi meydanda təşkil olunub.
Tədbirin əsas məqsədi rayonda çəltikçiliyin inkişafına dəstək vermək, bu sahədə fəaliyyət göstərən fermerlərin və sahibkarların məhsullarını tanıtmaq, eyni zamanda kənd təsərrüfatında istifadə olunan yeni texnika və texnologiyaların təqdimatını həyata keçirmək olub.
Festival çərçivəsində müxtəlif bölmələr üzrə sərgilər qurulub. Burada çəltik əkinində və biçinində istifadə olunan müasir texnikalar, müxtəlif çəltik növləri, onlardan əldə edilən düyü məhsulları, həmçinin düyüdən hazırlanmış müxtəlif ərzaq və qida məhsulları nümayiş etdirilib. Eyni zamanda toxum sərgiləri, rayonda istehsal olunan kənd təsərrüfatı məhsulları, sənaye malları, el sənətkarlığı nümunələri və məktəblilərin hazırladığı əl işləri də sərgi ziyarətçilərinin marağına səbəb olub.
Festivalda təkcə Masallı rayonunun deyil, digər bölgələrin də nümayəndələri iştirak ediblər. Kənd təsərrüfatı texnikası və avadanlıqlarının satışı ilə məşğul olan 50-yə yaxın yerli və regional şirkət tədbirdə təmsil olunaraq məhsul və xidmətlərini təqdim ediblər.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri, rayonun idarə və müəssisələrinin rəhbərləri, fermerlər, təsərrüfat sahəsində çalışan mütəxəssislər, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər. Festival çərçivəsində iştirakçılar üçün müxtəlif təqdimatlar, təqdimat stendləri və maarifləndirici söhbətlər də təşkil olunub.
“Çəltik və Düyü Festivalı” rayonun iqtisadi potensialının tanıdılması baxımından önəmli tədbir kimi qiymətləndirilir və çəltikçiliyin inkişafına stimul verəcəyi gözlənilir.

 

Akif AĞAYEV


 

Best coffeeshop in Berlin