3x3 qadın basketbol millimiz daha bir uğura imza atıb
Millimiz bir ayda iki tarixi uğura imza atıb
13-14 sentyabr günlərində Çinin Şamxay şəhərində 3x3 basketolu üzrə Dünya Qadın Seriyasının son final mərhələsi keçirilib. Turnirdə Azərbaycan da daxil olmaqla, 8 komanda mübarizə aparıb. Reqlamentə görə bu səkkizlikdə mövsümün yekun turnir cədvəlində ilk 7 yeri tutan (Azərbaycan 7-ci olub) milli və final yarışlarına təşkilatçılıq edən Çin yığması yer alıb.
ABF-da verilən məlumata görə, heyəti Erika Kartier, Brianna Freyzer, Aleksandra Mollenxauer və Dina Ulyanovadan ibarət olan Azərbaycan millisi qrupda Kanada, Hollandiya yığması və Rumıniyanın "Rapid" klubu ilə mübarizə aparıb. Startda Kanadaya (13:21) məğlub olan millimiz ardından Hollandiya (21:19) və "Rapid"i (19:15) udaraq adını 1/4 finala yazdırıb. Bu mərhələdə isə millimiz Monqolustanın "Ulan-Baatar Amazons" klubu ilə qarşılaşıb. Görüş millimizin 19:17 hesablı qələbəsi ilə bitincə basketbolçularımız yarımfinala yüksəlib və yenidən köhnə tanışı olan Hollandiya ilə qarşılaşıb. Xatırladaq ki, bir həftə öncə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa çempionatının finalinda məhz Hollandiya yığmasına uduzaraq ikinci yeri tutan və ilk tarixi uğura imza atan millimiz bu turnirin qrup mərhələsində olduğu kimi, narincilari yenə də məğlub edərək finala yuksəlib - 21:19.
Son finalda isə millimiz bu turnirin startinda məğlub olduğu Kanada ilə çempionluq uğrunda oyuna çıxıb. Təəssflər olsun ki, millimiz bu dəfə də Kanada ilə bacarmayib - 12:21. Bununla da turnirə Kanada millisinə qarşı oyunla başlayan millimiz elə Kanadaya qarşı final oyunu ilə də turniri bitirib.
Beləliklə də, 3x3 basketolu üzrə Azərbaycan millisi sentyabr ayında ikinci dəfə tarixi uğura imza atıb. Sentyabrın əvvəlində (6-7 günlərində) Avropa çempionatında ikinci olaraq, ilk dəfə tarixi uğura imza atan millimiz indi isə DƏD-da uqurla çıxış edərək ikinci dəfə tarixi uğura imza atıb.
İntiqam Məmmədov


