AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:
Sabir Sarvan
QAYITMIR
Hüseyn Əfəndinin xatirəsinə
Durub ha çağırım gündə yüz kərə,
Qara torpaqlarda yatan qayıtmır.
Bə sənin yerinə mənmi utanım? -
Utan, azğın fələk, utan, qayıtmır.
Bu «yarpaq tökümü» başlandı nədən,
Gəlir ayrılıqlar, dostlardı gedən.
Qara sevdalarmı bizi qəhr edən? -
Bəllidi, bu yolu tutan qayıtmır.
Nə yaman gətirdi il bəlaları,
Uçurub aşırdı sel qalaları.
Səni istəyəndə gül balaların
Kim qıyıb deyəcək: - atan qayıtmır.
Hanı qəlbi şüşə, baxışları şən,
Mənimlə çörək yox, ürək bölüşən.
Qor kimi dünyanın gözünə düşən,
Nur kimi gözümdən itən qayıtmır.
Bilməzsən ürəyim nə haray çəkdi,
Dinib - dilləndikcə dilim vay çəkdi,
Təni torpaq aldı, ruhu göy çəkdi,
Belə mərtəbəyə yetən qayıtmır.


