Bəybala Mirzəyev:
Qırmızı xalça və qatilin əfvi...
Ötən gecə Putini daşıyan təyyarə, əslində, onu Alyaskaya yox, Haaqa şəhərinə (Beynəlxalq Ədalət Məhkəməsinə) aparmalıydı.
Çünki bu adamın qatil olduğu, sülhə və tərəqqiyə düşmən kəsildiyi hər kəsə bəllidir.
Lakin əfsuslar olsun ki, Tramp adlı qlobal qumarbaz onun ayaqları altına qırmızı xalça sərdi, onu hərbi bazada maksimum hörmət və heyranlıqla qarşıladı.
Demək ki, qatilə heyranlıq duyulacağı, ABŞ kimi super dövlətin prezidentinin onun pişvazına çıxacağı günü də görəcəkmişik.
Onlar hava limanında eynilə Hollivud ulduzları kimi qırmızı xalçanın üzərində əl-ələ görüşdülər, mehribancasına söhbətləşdilər.
Ukraynadakı müharibə ilə və beynəlxalq əhəmiyyət kəsb edən digər məsələlərlə bağlı təxminən üç saat davam edən görüşdən sonra isə ABŞ və Rusiya prezidentlərinin mətbuata qısa açıqlamalar vermələri bu görüşün, bu müzakirələrin qlobal siyasi bazarlığa, gizli sövdələşmələrə xidmət etdiyini göstərir.
İkisi də - Tramp da, Putin də görüşün nəticələrindən bir xeyli məmnun kimi görünürdülər.
Bir-birilərinin ünvanına kompliment, bəy tərifi yağdırdılar. Putin ABŞ liderini, Tramp isə Putini təriflədi.
Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra “Fox News”a müsahibəsində dedi ki, “iki çox vacib ölkə arasında çox isti görüş oldu və tərəflər bir çox məsələdə razılığa gəldilər. Putin çox ağıllı oğlandır. Düşünürəm ki, o, indi ölkəmizə hörmət edir”.
Beləliklə, Tramp bu görüşə 10 ballıq qiymətləndirmə ilə 9 bal verdi...
Yəni ki, onlar əsas məsələlərdə, xüsusən də Ukrayna məsələsində təxminən 90 faiz razılaşma əldə ediblər.
Bu isə kifayət qədər böyük rəqəm, böyük faizdir.
Və bu razılaşmadan həm Ukraynanın, həm də dünyanın yenidən bölüşdürülməsinin iyi gəlir, işartıları sezilir.
Məhz buna görə də Putin görüşdən sonra xüsusi arxayınçılıqla qeyd etdi ki, "danışıqlarımız qarşılıqlı hörmət və konstruktiv atmosferdə keçdi. Onlar çox əsaslı və faydalı oldu".
Onun arxayınçılığının, məmnunluğunun bir səbəbi (daha doğrusu, əsas səbəbi) də budur ki, məhz Trampın ev sahibliyi etdiyi bu görüşün sayəsində dünyanın bir nömrəli qatili olan Putin beynəlxalq miqyasda siyasi təcriddən çıxa bildi.
Bu mənada, dünya mediası bunun Putin üçün necə böyük qələbə olduğunu yazmaqda tamamilə haqlıdır.
Macarıstanın fürsətçi baş naziri Viktor Orbanın Putinlə Trampın Alyaskadakı görüşünün iki ölkə arasında əməkdaşlığın bərpasına və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə gətirib çıxaracağını söyləməsi isə siyasi korazehinliyin lap üst səviyyəsidir.
Putinin həm Ukraynaya soxulması, həm Avropa ölkələrini hədələməsi, həm də Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan kimi postsovet ölkələrinə qarşı müxtəlif formalarda təzyiqlər göstərməsi beynəlxalq təhlükəsizliyə ən böyük təhdid və təhlükə yaratdığı halda, Orbanın bu görüşün nəticələri barədə öz Facebook hesabında "Bu gün dünya dünənkindən daha təhlükəsiz yerdir" cümləsini yazması həqiqətən də siyasi riyakarlıqdan başqa bir şey deyil.
P.S.
Yeni Hitlerin - Putlerin olduğu dünya heç vaxt təhlükəsiz ola bilməz. Trampın ötən gecəki qonaqpərvərliyi sayəsində bu təhlükə təəssüf ki, biraz da artdı. Qatilin əfvi Trampın bəşəriyyət qarşısında ən böyük səhvi oldu.


