Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əyyar TAHİROV
Düşünməyə dəyər: 
“Ərkivan”, yoxsa “Ərçivan”...

Tayfamızın təqribən 128 il ömür sürmüş ağsaqqalı Nəzir Axund Nemət oğlu Eynullayev (1855-1983) hərdənbir Şah Səfi quyusuna işarə edərək bir az ciddi, bir az da zarafatla deyərdi: qədimdə bu quyuya uşaqlı beşiklə bir arvad düşüb, gedib Ərdəbildə çıxıb. 
Həmin hədisin daha çox ciddiliyinə söykənərək qənaətə gəlmək olar ki, Səfəvi nümayəndəsinin, xüsusən də balaca İsmayılın zənbilə qoyularaq ağacdan asılma məsələsinin Astaranın Ərçivan kəndi ilə bağlanması həqiqətə uyğun gəlmir. İsmayıl və əsasən də onun dayəsi həmin dövrdə heç bir istehkamı olmayan, hələ yaşayış məskəni kimi o qədər də tanınmayan (bəlkə də mövcud olmayan) Ərçivanı özünə istinadgah seçə bilməzdi. Bu hadisədən 320-330 il sonrakı dövrə aid, yəni Gülüstan və Türkmənçay müqavilələrinin əks olunduğu xəritədə cənub zonasında cəmi iki məntəqənin – Lənkəran və Ərkivanın qeyd olunduğunu görürük. Deməli, XV əsrin sonu - XVI əsrin əvvəli üçün kiçik Ərçivan kəndi İsmayıl Səfəvi üçün dayaq yeri kimi məsləhət olmazdı.
Əgər İsmayıl Astarada olubsa, bəs niyə orada Səfəvi sülaləsi ilə bağlı heç bir toponimə rast gəlmirik? 
Amma Masallı rayonunun Ərkivan qəsəbəsində var! Həm Şah Səfi adlanan ziyarətgah-ocaq var, həm Şah Səfi quyusu, həm də Səfiəli tayfası! İstər ata-babadan eşitdiyim versiyalar, istərsə də öz qənaətim belədir ki, balaca İsmayıl Astaranın Ərçivan kəndində deyil, o zaman Dəştvənd (Sebidaş da deyilib) mahalının mərkəzi sayılan Ərkivan kəndində qalıb. Ola bilsin ki, ya taxta çıxandan sonra bir daha ora qayıdaraq həmin yerdə quyu qazdırıb, səcdəgah tikdirib, ya da yerli sakinlər seyid-şiə təriqətinə və cavan şaha ehtiram əlaməti kimi bu işi görüb. 
Kəndimizdə dillər əzbəri olan beşikli qadın məsəli də elə-belə yaranmayıb. 
-Bəs “Ərçivan” ideyası hardan qaynaqlanır?-sualına ərkivanlı mühəndis-topoqraf, Bədir bəy nəslindən olan Etibar Əliməmməd oğlu Həsənov belə şərh verdi:
-Bildiyimiz kimi, Astara şəhəri Sovet İttifaqı Qəhrəmanı, tədqiqatçı alim, yəni Azərbaycanın uzun bir dövr tarixini yazan Ziya Bünyadovun doğulduğu yerdir. O, əslən astaralı olmasa da, müəyyən tarixi araşdırmada doğulduğu torpağı üstün tutması şəksizdir. Ola bilər ki, mərhum akademik rast gəldiyi hansısa tarixi mənbədə “Ərkivan”ı bilərəkdən, ya bilmədən “Ərçivan” kimi qəbul edib. Bu da sonrakı yazıçı və tədqiqatçılar üçün əl yeri, yəni dəstək olub...
Ərkivanın qədim və bünövrə məhəllələrindən biri də Zeynobadır. Zeynobanın qədimliyi buradakı Qoç türbəsində, bir sıra daş abidələrdə öz əksini tapmışdır. Məhəllə qəbristanındakı müxtəlif fiqurlar, min ildən artıq yaşı olan nil və dəmirağac növləri deməyə əsas verir ki, Zeynoba Ərkivanın bünövrə məhəllələrindən biri yox, bəlkə də birincisidir. Kənd sakinlərinin dislokasiyasına diqqət yetirəndə görürsən ki, burdan başqa məhəllələrə köçən olub, amma oralardan Zeynobaya gələn olmayıb. Deməli, əhali artımı elə bir həddə çatıb ki, onlar daha seyrək yerlərə, məhəllələrə köçməyə üstünlük verib.

                                                                       Əyyar TAHİROV,
                                                                                jurnalist.

Best coffeeshop in Berlin