Məmməd Əvəzoğlu:
Günahkaram mən
Qaralıb ocağın, sönüb közün də,
Etiraf olmadı bircə sözündə,
Qəlbini bilmirəm, sənin gözündə
Bir acı nağılam, qəm-qübaram mən,
Səninçün həmişə günahkaram mən.
Dilini çevirdin sivri qılınca,
Sevdiyim hər şeyi məndən alınca,
İndi eşidirəm mənim dalımca
Nələr deməmisən, xəbərdaram mən,
Səninçün həmişə günahkaram mən.
Gözlərin görmədi qəlbə girəni,
Sənin xəyalınla ömür sürəni,
Peşiman edirsən salam verəni,
Qəlbində yüzünə bəlkə yaram mən,
Səninçün həmişə günahkaram mən.
İçində olduğun qəlbi qanatdın,
Aldın qisasını, arzuna çatdın,
Elə bilərsən ki, öldürüb atdın?
Hələ ölməmişəm, hələ varam mən,
Tək sənin gözündə günahkaram mən.
Məmməd Əvəzoğlu.04.08.2025.
Naftalan.


