Bir daha "Şərqin Lenini" - Nərimanov haqda...
Bu yazını *Фамил Джамал* adlı istifadəçi paylaşıb. Xoşum gəldi deyə, dilimizə çevirdim. Gənclərin oxumasında fayda var...
ÖZÜNKÜLƏR ARASINDA YAD, YADLAR ARASINDA ÖZÜNKÜ
Bir dəfə “Facebook”da hörmət etdiyim “Azərbaycan Türkü” adlı müəllifin maraqlı bir paylaşımını oxudum. O, keçən əsrin 20-ci illərində sovet hakimiyyətinin qurulmasında mühüm rol oynamış Azərbaycan kommunistlərindən bəhs edirdi. Müəllif onların hamısını dövlət ideologiyasının dəyişməsi səbəbindən Azərbaycan xalqının düşmənləri siyahısına daxil etmişdi. Mənim bu mövzu üzrə mübahisə etmək fikrim yoxdur, amma düşünürəm ki, onlardan bir çoxu Azərbaycanı səmimi qəlbdən sevir və elədiklərinə inanırdı. Amma məni ən çox təəccübləndirən o idi ki, həmin siyahıda xalqımızın çox görkəmli oğlu (bunu deməkdən qəti çəkinmirəm) Nəriman Nərimanovun da adı yer alır. Bu, böyük səhvdir.
Bəli, zaman dəyişib, dövlət ideologiyası da dəyişib, çox şey başqalaşıb. Ona görə də Nərimanov şəxsiyyətinə münasibət heç də birmənalı deyil.
Amma hamımız bilməliyik ki, inqilabçı və dövlət xadimi, həkim və maarifçi Nəriman Nərimanov Tiflisdə doğulsa da, Moskvada dünyasını dəyişsə də, bütün şüurlu həyatı doğma Azərbaycanla sıx bağlı olub.
Nərimanov səmimi şəkildə inanırdı ki, yalnız sovet ideologiyası keçmiş Rusiya imperiyası xalqlarını xilas edər, inkişafını təmin edər, onlara əsl azadlıq və müstəqillik verə bilər.
SSRİ-nin yüksək dövlət vəzifələrindən birini tutan Nərimanov, Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri təyin edilərək, Moskvada işləməyə göndərilmişdi. O, Moskvaya getmək istəmirdi, çünki Azərbaycanı bolşeviklərlə daşnakların əlində kimsəsiz qoymaq istəmirdi.
Dövrümüzə yetişən şəkillər və kinokadrlar göstərir ki, Nərimanov zahirən çox sakit bir insan olub. Amma onun partiya rəhbərliyinə yazdığı məktublardan sitatlar nə qədər üsyankar və güzəştsiz xarakterə malik olduğunu göstərir. Heç Lenin özü də, məşhur məktubunda onun qədər kəskin tonda yazmağa cəsarət etməmişdi.
Təkcə bu məktubdan belə görünür ki, Nərimanov Azərbaycan problemlərini nə qədər dərindən yaşayır, xalqının azad və xoşbəxt həyatı naminə çalışırdı. Onun bu səylərini düşmənləri “pantürkizm” sayırdı. Nərimanov isə Mərkəzə qarşı çıxacaq qədər cəsarətli idi — bu isə bəzən vəzifədən, hətta həyatdan məhrum olmaq təhlükəsi demək idi.
Bir dəfə Cənubi Qafqazın əsas rəhbəri olan Orconikidze belə bir sual vermişdi:
“Azərbaycan Respublikası müstəqil şəkildə mövcud olmalıdır, yoxsa Sovet Rusiyasına bir hissə kimi qatılmalıdır?”
Mərkəzi Komitə üzvləri Qarayev və Hüseynov bu fikri müdafiə edirdilər ki, Azərbaycana heç bir müstəqillik lazım deyil, onu Sovet Rusiyasına birləşdirmək lazımdır...
Orconikidze sonra Nərimanova müraciət edərək soruşur:
“Siz bu məsələ barəsində nə düşünürsünüz? Fikirləriniz mənim üçün vacibdir.”
Nəriman Nərimanov isə qətiyyətlə cavab verir:
“Azərbaycan Respublikası Gürcüstan və Ermənistan sovetləşdirilənədək müstəqil olmalıdır. Sonrasına baxarıq...”
Nəriman Nərimanovun məktubundan:
“Orconikidze və Kirov mənim müsəlman fəhlələrinin inkişaf səviyyəsini qaldırmaq tələbimi millətçilik meyili kimi dəyərləndirirlər... Mən deyirəm ki, *Sona və Bəhadur* romanım uğur qazananda yoldaş Mikoyan hələ daşnak idi. Niyə indi mən millətçi oluram, amma yoldaş Mikoyan beynəlmiləlçi sayılır?..”
“Çox təəssüf ki, bu gün Azərbaycanın taleyi Mirzoyan başda olmaqla, solçu daşnak qrupunun əlindədir... Mən deyirəm ki, bu qrupun fəaliyyəti nəticəsində Azərbaycanda yaxın gələcəkdə ikinci Türküstan yaradılır. Orconikidzenin nəzəriyyəsinə görə, kiçik Azərbaycanın əhalisini sistemli şəkildə məhv etmək olar, bəs sonra bu respublika kimdən ibarət olacaq?..”
“Bakıda tatarlar (yəni azərbaycanlılar) məcbur edilirlər ki, Baksovet işçiləri ilə yalnız rus dilində ünsiyyət qursunlar... Halbuki şəhər duması vaxtı belə bu cür məhdudiyyət olmayıb...”
“Bütün bunlar Kirova, Mirzoyana bəlli deyil? Partiyanın milli məsələ ilə bağlı qərarlarından sonra belə adamlara Azərbaycanın gələcəyini etibar etmək olarmı?..”
“Zavallı Azərbaycan bu vicdansız avantüristlərin əlində oyuncağa çevriləcək... Daşnakların Qarabağla bağlı fəaliyyətlərinin nəticələrini bu il görəcəyik. Mirzoyanın təzyiqi ilə Dağlıq Qarabağ muxtar vilayət elan edildi. Mənim dövrümdə bu alınmadı — çünki mən bu muxtariyyətə qarşı deyildim, sadəcə erməni kəndliləri bunun əleyhinə idi. Mirzoyan isə bu müddətdə erməni daşnak müəllimləri vasitəsilə uyğun şərait hazırladı və məsələni keçirdi...”
“Mən tam əminəm ki, AKP MK, yəni Orconikidze və Stalinin simasında, biz türklərə güvənmir və Azərbaycanın taleyini daşnak ermənilərə tapşırır... Onlar elə düşünürlər ki, türklər bunu başa düşmür... Amma unudurlar ki, dürüst türk kommunistləri bunları heç vaxt unutmayacaq.”
“Azərbaycanın sovetləşdirilməsi zamanı Rusiyada edilən səhvlərə yol verilməməli, yerli şərait nəzərə alınmalı, nümunəvi sovet respublikası yaradılmalıdır. Böyük sənaye sahələri dövlətə tabe edilsin, amma kiçik sənaye və ticarət sahələrinə toxunulmasın...”
“Mikoyandan sonra Baksovetdə mütləq Sərkis katib olmaq istəyirdi. Buna nail oldu və dərhal rekvizisiya məsələsini gündəmə gətirdi. Bu haqda artıq İran və Türkiyə qəzetləri yazırdı — guya bolşeviklər müsəlman qadınların tumanlarını belə əllərindən alırlar...”
“Deyirlər, çevrilişdən əvvəl Mikoyan mənim Bakıya gəlməyimi israrla istəyirdi. İnanıram. Hakimiyyətə can atan adam başqa cür hərəkət edə bilməzdi... O, bilirdi ki, mən Azərbaycanda böyük nüfuza sahibəm. Amma sonra? Çevrilişdən sonra Mikoyan belə dedi: Nərimanovu RevKomun sədri seçək və elə bir şərait yaradaq ki, nüfuzundan istifadə edə bilməsin...”
“Sərkis qətiyyətli kommunist kimi tanınırdı, amma təcrübəsi yox idi. Ermənistan isə bu cür kommunistlərə ehtiyac duyurdu. Mən ona Ermənistana getməyi təklif etdim, amma o imtina etdi. Ermənistanda işləyən yoldaş ermənilər də onu istəmirdi...”
“Sonda Sərkis getdi və onun yerini layiqli yoldaşı Mirzoyan tutdu. Göründüyü kimi, artıq Baksovet katibliyi ‘irsi’ olaraq Mirzoyana keçdi...”
“Sovet Azərbaycanı könüllü olaraq nefti Sovet Rusiyanın zəhmətkeş əhalisinə verdi. Amma respublikada başda kral Serebrovski olmaqla ‘monarxiya’ yaratmaq nəyə lazım idi? Bu gün Neftkom və Baksovetdəki işçilərə baxsaq, hər kəs dəhşətə gələr. Bu qurumlar ruslar, ermənilər və yəhudilərlə doludur...”
“Politbüro Serebrovskiyə neft məhsullarından Azərbaycanın xeyrinə pay ayırmaq tapşırığı verib. Bəs nəyə görə AKP MK bunun yerinə yetirilməsinə nəzarət etmir? Çünki Kirov, Mirzoyan və dəstəsinə bunlar maraqlı deyil. Onlara nə fərqi var ki, Azərbaycanda kəndlilər nadanlıq içində boğulur?..”
“Müsəlman məsul işçilər, məsələn, AKİK sədri Ağamalıoğlu, Sovnarkom sədri Musabəyov nə edirlər? Onlar bu vəzifələrə yalnız susmaq üçün gətiriliblər... Bu münasibət milli ziddiyyəti gücləndirir... Millətçilik meyli qarşı tərəfin reaksiyasından irəli gəlir...”
---
Ömrünün son illərində Moskvada yüksək vəzifədə işləsə də, Nərimanov Azərbaycanla əlaqəsini bir an belə kəsmədi. O, xalqının taleyi ilə yaşayırdı. Ola bilsin ki, onun bu münasibəti və xalqın taleyinə biganə qalan yeni rəhbərliklə arasındakı fərqi səbəb oldu ki, Nərimanov 54 yaşında dünyadan getdi. Daha doğrusu, Stalinin səhvləri barədə çıxış etməyə hazırlaşdığı bir vaxtda onu **zəhərlədilər**. Rəsmi versiyaya görə isə, guya ürək tutması varmış.
Nəriman Nərimanov tez-tez anılmağa ehtiyac duymur. Bu, daha çox yaşayanlara, xüsusilə də gənc nəslə lazımdır ki, keçmişin səhvləri bir daha təkrarlanmasın.
Nərimanovun ulduzu sönməyib. Onun adı təkcə Azərbaycanda yox, Gürcüstanda, Rusiyanın Astraxan vilayətində, Orta Asiya ölkələrində də əbədiləşdirilib. Onun məzarı Kremlin divarı yaxınlığındakı panteondadır. Artıq 25 ildir ki, orada dəfn qadağandır. Ona görə də bu məzar orada yeganə azərbaycanlıya aid olan qəbirdir — nə sağlığında, nə ölümündən sonra başa düşülməyən bir şəxs olaraq, özünkülər arasında yad, yadlar arasında isə özünkü olaraq qalıb...
---
Bu yazının hazırlanmasında Zülfüqar Fərzəliyevin məqaləsindən hissələr istifadə olunmuş, müəllifin əlavələri və düzəlişləri ilə təqdim edilmişdir. Müəllifə böyük təşəkkürlər!
İlqar Əlfioğlu


