Faiq İsmayılov:
İrəvanda, Şuşa “muzeylərinin” elektron kataloqunun təqdimatı keçirilib
Azərbaycanı Ermənistanla Sülh müqaviləsi imzalamağa çağıran Paşinyan, İrəvan şəhərində separatçı meyllərə göz yumaraq Azərbaycanın 30 il işğal altında qalan Şuşa şəhərindəki muzeylərinin bir qisminin elektron kataloqunun təqdimatı keçirilməsinə şərait yaradıb. Bu məlumatı Rusiyanın Kavkazskiy Uzel saytı paylaşıb. (Mənbə: https://www.kavkaz-uzel.eu/articles/412934.)
Ermənistanda baş qaldıran separatçı müxalifət “Qarabağ fəalları” adı altında İrəvandakı Hollandiya səfirliyinin maaliyyə dəstəyi ilə “Documentation for Conservation” layihəsi çərçivəsində işğal dövrü Azərbaycandan oğurlanaraq Ermənistana daşınmış Şuşa şəhərinin muzey eksponatlarının bir qisminin elektron rəqəmsal kataloqunun təqdimatının keçirildiyi barədə məlumat yayıblar. Bu hadisə göstərir ki Ermənistandakı bəzi xarici ölkə səfirlikləri erməni müxalifətini qızışdıraraq Azərbaycanın ərazi bütövlüyünə qarşı yeni müqavimət hərəkatı yaratmağa çalışırlar. Bu yolla da bəzi Dövlətlər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışırlar.
Saytın yazdığına görə ikinci Qarabağ Müharibəsi dövrü Şuşa şəhərində 4 muzeydən mindən çox sənət əsərlərinin itdiyi yəni Azərbaycan tərəfdə qaldığı bildirilir. Bu məlumatın saxta olduğu ondan bəlli olur ki Şuşa şəhərində 4 deyil 7 muzey və bir şəkil qalareyası fəaliyyət göstərib. Bu muzeylərdən birinci Qarabağ müharibəsi dövründə 11.522 eksponat qarət edilərək əvvəlcə Ermənistana oradan isə ikinci və ya üçüncü ölkələrə daşınıb. Bu eksponatların bir qismi bəzi Dövlət məmurlarına hədiyyə edilib, bir qismi qara bazarlarda satışa çıxarılaraq dəyər-dəyməzinə satılıb, digər bir qismi isə erməni diaspora üzvlərinin şəxsi kolleksyalarına daxil edilib. Yəni birinci Qarabağ müharibəsindən keçən 30 ilə yaxın bir müddətdə ermənilər tərəfindən Şuşadan qarət edilib mənimsənilmiş eksponatların yenidən Şuşaya qaytarıb orada muzey yaradılması kökündən yalandır və bu heç bir məntiqə sığmır.
Birinci qarabağ müharibəsinə qədər Şuşadakı muzeylərin eksponatların sayı aşağıdakı kimi olub:
⦁ Şuşa tarix muzeyi, 5000 eksponat.
⦁ Ü.Hacıbəyovun ev muzeyi, 300 eksponat.
⦁ Bül-Bülün ev muzeyi 369 eksponat.
⦁ Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin Şuşa filialı 163 eksponat.
⦁ Qarabağ Dövlət Tarix Muzeyi, 500 eksponat.
⦁ Qarabağ Ədəbiyyat Muzeyi, 5000 eksponat.
⦁ Mir Möhsün Nəvvabın ev Muzeyi, 100 eksponat.
⦁ Dövlət Rəsm Qalareyası, 90 eksponat.
Bütün bu adları çəkilən eksponatlar ermənilər tərəfindən bir az öncə deyildiyi kimi, “erməni mədəni irsi” adı altında bir qismi bəzi dövlət məmurlarına hədiyyə edilib, bir qismi qara bazarlarda satışa çıxarılaraq dəyər-dəyməzinə satılıb, digər bir qismi isə erməni diaspora üzvlərinin şəxsi kolleksyalarına daxil edilib, əlyazmalar kitablar və arxiv materialları isə yandırılaraq məhv edilib. Yox əgər doğurdanda Azərbaycandan aparılan eksponatlardan İrəvanda qalıbsa o zaman Paşinyan hökuməti humanizm prinsipini əsas götürərək, onları Azərbaycana yəni öz sahibinə qaytarmalıdır. Bəs əgər bizim düşündüklərimiz doğrudursa Şuşa şəhərindəki muzeylərin elektron kataloqunun yaradılması ideyası nədən qaynaqlanır?
Əslində belə bir elektron katoloqunun yaradılması, Azərbaycana qarşı yeni bir təxribatın yaradılmasının əsasını qoyur. Bu ermənilərin, Azərbaycanın ikinci Qarabağ müharibəsindən sonra guya “erməni mədəni-irsinin məhv edilməsi” ideyasına hüquqi don geyindirmək istəyindən yaranıb. Layihənin ideoloqu tanınmış Qarabağ separatçılarından biri, özünü işğal dövrü tanınmamış respublikanın mədəniyyət naziri elan edən, indi isə həmin “nazirliyi” adlandırdıqları adla “Artsax Mədəniyyət və Turizmin İnkişafı Agentliyi” adlı QHT-yə çevirib və həmin QHT-yə sədrlik edən Sergey Şahverdyandır.
Bu o Şahverdiyandır ki, işğal dövrü Qarabağ və Şərqi Zəngəzur Regionlarında 30-dan çox Arxeoloji abidə üzərində qeyri-qanuni qazıntı işlərinin aparılmasına, 72 məscidin dağıdılaraq məhv edilməsinə, 50-dən çox alban dövrü bazilika, sovmə, kilsə və monastrların orginal interyerinin dəyişdirilməsinə, 100-dən çox alban dövrü bazilika, sovmə, kilsə və monastrların dağıdılaraq istifadəsiz hala gətirilməsinə, 80-dən çox kurqanın dağıdılaraq yox edilməsinə, adı çəkilən ərazilərdə 13 yeni erməni kilsəsinin, 20 erməni terrorçularının adlarını əbədiləşdirmək üçün monumental qurğular və heykəllərin tikilməsinə şəxsən göstəriş vermişdir.
Bundan başqa, 23 muzey, 4 şəkil qalareyası, 927 kitabxana, 13 arxiv, qeyri-rəsmi hesablamalara görə 86 307 muzey eksponatı, 371 rəsm əsəri, 4,6 milyon kitab, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədəd vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri, Şahverdiyanın göstərişi ilə ya dağıdılmış, ya mənimsənilmiş və ya istifadəsiz hala salınmışdır. İşğal dövrü tanınmamış “artsax” adlı qondarma respublikanın qurucularından olan Sergey Şahverdiyan Azərbaycanda cinayət törətmiş şəxsdir və o mühakimə olunmaq üçün Azərbaycana təhvil verilməlidir.
Saytda qeyd olunur ki, “2023-cü il sentyabrın 19-20-də Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirərək Dağlıq Qarabağ ərazisini nəzarətə götürüb, bundan sonra erməni əhalisinin kütləvi köçü başlayıb. 2023-cü il oktyabrın 7-nə kimi Dağlıq Qarabağdan Ermənistana 100.632 məcburi köçkün gəlib, 2024-cü ilin sentyabrına qədər isə bölgədə cəmi 14 erməni qalıb”. Bu ifadələr də Azərbaycana qarşı işlədilən yalan, şər və böhtandır.
Beləki Azərbaycan Hökuməti Qarabağda erməni separatçılarını təslim etdikdən sonra işğaldan öncə Qarabağda yaşamış bütün ermənilərin öz yerlərində qalıb əvvəlki kimi yaşamalarına zəmanət verdi. Mənim apardığım araşdırmalara görə işğaldan öncə təqribən 40-45 min erməni əsilli əhali yaşayırdı. Azərbaycan Dövlətinin zəmanəti isə yalnız işğaldan öncə yaşamış əhali qrupuna aid idi, bir şərtlə onların hər biri Azərbaycan vətəndaşlığını qəbul etməli idilər. Ermənilərin maneəsiz qeydiyyatdan keçmələri üçün elektron portal yaradılaraq rəsmi şəkildə təqdim olunmuşdu. Lakin separatçı qüvvələr buna imkan vermədilər. Bunun iki səbəbi var idi:
⦁ Əgər ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsəydilər, Qarabağ Regionunda yaşayan ermənilərin dəqiq sayları məlum olacaqdı və bu rəqəmlər Ermənistan Statistikasının xarici ölkələrdən yardım almaq məqsədi ilə uydurduqları rəqəmlərin yalan olduğunu dünyaya isbatlayacaqdı.
⦁ Revanşist qüvvələrin Ermənistanda Azərbaycana qarşı yenidən fəaliyyətlərini bərpa etmək istəyi.
Bu kimi həqiqətləri görməzlikdən gələn Niderlandın Ermənistandakı səfiri Marieke Monroy-Winter Separatçı qüvvələrin təbliğatı ilə erməni vətəndaşların Qarabağdan çıxmalarını, Azərbaycandan “deportasiya” edilməsi kimi qələmə verir və Qarabağ ermənilərini “erməni xalqı” adlandırır. Diplomatın “erməni xalqı” ifadəsini elmdə XXI əsrin yeni kəşfi kimi qiymətləndirmək olar. Yəqin ki bu yaxşılığı erməni diasporası və erməni kilsəsi unutmayacaq.
Faiq İsmayılov
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri


