Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

MİLLİ MƏTBUAT TARİXİMİZDƏ KİÇİCİK BİR EPİZOD

1985-ci ildə “Bakı” qəzetinin redaksiyasında çəkilmiş bu fotoların tarixçəsi var.

Qəzetin əməkdaşı, mərhum Ağəddin Mansurzadə Qasım Qasımzadəyə tez-tez məqalə sifariş verirdi.

Bir dəfə Ağəddin müəllim növbəti sifarişini edəndə Q.Qasımzadə ona telefonda demişdi: “Yazaram, amma bu dəfə necə və nə yazsam gərək redaktəyə-filan məruz qalmadan dərc edəsiniz, əks təqdirdə, yazmağımın mənası yoxdur, razısansa yazım. Ağəddin müəllim də söz vermişdi: “Arxayın olun, Qasım müəllim, sizin yazdığınıza kim əl vura bilər ki?! Narahat olmayın...” Məsələnin sonrakı gedişi haqqında Ağəddin Mansurzadə öz kitabında belə yazır:

“Qeyd edim ki, Qasım müəllim də mənim tez-tez narahat etdiyim, qapısını döydüyüm ağsaqqal qələm sahiblərindəndi. Dəfələrlə evlərində olmuşam. Öncə özüylə, sonra da şair-alim oğlu Nərimanla dost olmuşam. Qasım müəllim heç zaman məni darda qoymayıb. Bəzən bir gecəyə, bir günə də məqalə yazıb, məni çətin vəziyyətdən qurtarıb. Özü keçmiş qəzetçi, naşir olduğundan, “Ədəbiyyat və İncəsənət” qəzetinin redaktoru (1957-1963) işlədiyindən jurnalistin vəziyyətini yaxşı başa düşürdü. Mənəviyyatımız barədə ciddi və sərt elmi-publisistik məqalə yazmışdı. Öz razılığı ilə məqalədə xırda-para əməliyyat aparıb redaktora təqdim etdim.

Nəsir müəllim məqaləni tam bəyənsə, “əla yazıdır” desə də, bəzi ixtisarlar aparmağı xahiş etdi. Lakin mən bu missiyanı boynuma götürmədim, hər vasitə ilə Qasım Qasımzadənin imzasını müdafiə etməyə çalışdım. Redaktorun razılığı ilə Qasım müəllimi redaksiyaya dəvət etdim. Mehriban dost kimi görüşdülər. Həmişəki kimi dərhal çay dəstgahı düzəldi. Çay süfrəsi önündə səmimi, şirin söhbətləri başladı.

Sonra yazı ilə bağlı söhbətə keçdilər. Birinci Nəsir müəllim məqalə barədə fikrini bildirdi:

- Qasım müəllim, Ağəddin də şahiddir ki, nə qədər sənin xətrini istəyirəm. Hər dəfə sənin yazın mənə təqdim olunan kimi verirəm. Qoymuram heç bir gün də qalsın. Çünki sən bizim redaksiyanın daimi müəllifi, əbədi dostusan. Mənə hörmət naminə gəl məqalənin bəzi sərt yerlərini yüngülləşdirək. Çünki son vaxtlar məni yaman qurdalayırlar. Vallah, bilsəm ki, sənin məqalən qəzetimizdə dərc olunandan sonra Azərbaycanda hər şey düzələr, qanun-qayda hökm sürəcək, çəkinmədən, heç kimdən ehtiyat etmədən yazını olduğu kimi verərəm. İnan mənə, sonra başım ağrıyar.

Qasım müəllimin cavabı hazırmış:

- Qurban olsun sizə! – deyib Nəsir müəllimin ehtiyat etdiyi yerləri təzədən gözdən keçirdi, daha doğrusu, məqalənin sərt yerlərini “rəndələdi”, sonra:

- Ancaq gərək redaktorun başı hərdən ağrısın, “Ədəbiyyat və İncəsənət” qəzetinin redaktoru işlədiyim illərdə mənim də başımı çox ağrıdıblar. Qəzet çıxan gecəni isə mən demək olar ki, yatmamışam.

- Allah səni saxlasın, sən həftədə bir qəzet buraxmısan, bir gecə yatmamısan, onda mən nənəsi ölmüş gərək heç yatmayım. Ona görə ki, qəzetin həftədə on iki nömrəsi çıxır, altısı azərbaycan, altısı da rus dilində. İndi özün mənim vəziyyətimi başa düş.

Bəli, Qasım Qasımzadə ilə Nəsir İmanquliyev bir-birini yaxşı başa düşdülər. Haçandan-haçana şirin söhbət sona yetdi. Qəzetin foto-müxbiri Fuad Rzazadəni çağırıb üçlükdə bir yadigar şəkil də çəkdirdik. Həmin şəkli o illərin şirin xatirəsi-yadigarı kimi qeydlərimə əlavə edirəm” (Hacı Ağəddin Mansurzadə, “Nəsir İmanquliyev məktəbi”, Bakı-2007, səh.95-97)

Best coffeeshop in Berlin