Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ədalət Tahirzadə:

36 yaşlı "Xalq Cəbhəsi" 

16 iyul Azərbaycana ikinci müstəqilliyiyini qazandırmış AZƏRBAYCAN XALQ CƏBHƏSİnin 36-cı ad günüdür. Milli-azadlıq hərəkatımızın lideri, AXC-nin sədri ƏBÜLFƏZ EİÇİBƏYİ və aşağıdakı əbədiyaşar şeirin müəllifi olan ölməz şairimiz XƏLİL RZA ULUTÜRKÜ sonsuz sayğı və sevgi ilə anıram.

Xəlil RZA ULUTÜRK

YAŞASIN XALQ CƏBHƏSİ!

Dənizdən ayrı düşsə damla sönər, məhv olar,

Neçə milyard damlada vahid dəniz hökmü var.

Yubanmayın, tez gəlin, ey qeyrəti olanlar!

Barrikadadan gəlir bu gün türkazər səsi,

Yaşasın Xalq Cəbhəsi!

***

Qarabağ ürəyimdir, Şuşa – gözüm giləsi,

Gözlərimə tuşlanıb bu gün düşmən gülləsi.

Bircə an əl saxlasa min-min Bakı fəhləsi

Bizə kəc baxanların kəsiləcək nəfəsi,

Dayandır qatarları!

Yaşasın Xalq Cəbhəsi!

***

Mənim Sumqayıtım var – bağrı qaynar cəhənnəm,

Qədim Gəncəbasarın ürəyi qəm, gözü nəm,

Vətənə nicat verən qüvvə yalnız özüməm,

Mənə inanmayanın yerə girsin şübhəsi,

Yaşasın Xalq Cəbhəsi!

***

Azərbaycan aləmin Azadlıq meydanıdır,

Kişi gibi yaşamaq imanıdır, canıdır.

Yurdu yalnız ərənlər, qəhrəmanlar tanıdır,

Öz canından keçənlər – xalqın zəfər nəğməsi,

Darmadağın edəcək düşməni Xalq Cəbhəsi!

***

Ön cərgədə addımlar Xəlil, Məhəmməd Əmin

Qəti qələbəmizə o, əmin, biz də əmin.

Dünən yüzdük, bu gün min, sabah əlli min, yüz min,

Milyard, üç yüz milyardlıq islam, Turan ölkəsi

Özü boyda cəbhədir. Yaşasın Şərq cəbhəsi!

***

Haray, Sərab, Ərdəbil, haray, Dərbənd, Naxçıvan!

Al, gözümü verirəm, ey ulduzsuz asiman.

Gəlsin kimdə qalıbsa barı yarım damla qan,

Yıxaq, Bayılda çöksün Bastiliya qələsi,

Yaşasın Xalq Cəbhəsi!

***

Meydan kabinetində gəbərsin ağnayanlar,

Tank gücünə milləti əsir, qul saxlayanlar.

Öz xalqının əlini, qolunu bağlayanlar

Ən iyrənc bir kölədir – qarı düşmən köləsi,

Vur gəbərsin köləlik.

Yaşasın Xalq Cəbhəsi!

***

Ağcigərlər ölüdür, yeddi başı olsa da,

Şərəfsizlər əlindən orden, medal alsa da.

Zəlzələdən güclüdür cərgəmizdə hər səda,

“Azadlıq” olmalıdır hər cəngin son nəğməsi,

Yaşasın Xalq Cəbhəsi!

***

Dağ başında bir dağdır Minkənd, Laçın qalası,

Bu ləyaqət, bu cürət əsrlərlə qalası.

Bələnsə də qanına neçə yüz Türk balası,

Azadlığı hansı zor əlimizdən alası?

Oturdacaq yerində Xalqım hər bir nakəsi,

Yaşasın Xalq Cəbhəsi!

***

Volqa, İrtış, Yenisey, Xəzər bürünsün zərə,

Bütün qansoranları süpürməli Xəzərə!

Ölsün cüt başlı gürzə, qoy çarpmasın nəzərə,

Bəşəriyyət bəkləyir bir səadət töhfəsi,

Yaşasın bəşəriyyət!

Yaşasın Xalq Cəbhəsi!

***

Sular məni aparsa mən ona sel deyərəm,

Yel palıdı qoparsa mən ona yel deyərəm,

Zərbi kərən sındıran bir elə el deyərəm.

Yelin, selin, elin də birlikdədir qüvvəsi,

Təpiyinlə əzilsin qoy əqrəblər zümrəsi.

Planeti qoruyur ayıq arslan pəncəsi,

Yaşasın ayıq arslan!

Yaşasın Xalq Cəbhəsi!

Best coffeeshop in Berlin