Məhkəmədə zərərçəkənlər, girovlar və Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülənlər ifadə verib
Bakı Hərbi Məhkəməsində Azərbaycana qarşı sülh və bəşəriyyət əleyhinə cinayətlər, müharibə və digər cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında Camal Ramazanov və Anar Rzayevin (ehtiyat hakim Günel Səmədova) sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər birinə danışdıqları dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillər təqdim olunub.
Prosesdə təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmişlərdən bəziləri, qanuni nümayəndələri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Zərərçəkmiş Ələddin Əkbərov bildirib ki, 1990-cı ildə düşmən tərəfindən girov götürülüb. O, girov qaldığı iki ay ərzində betonun üstündə yatdığını deyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq bildirib ki, dişləri sınıb, başı əzilib və digər bədən xəsarətləri alıb. Girov olduğu müddətdə onun çəkisi 87 kq-dan 45 kq-a düşüb.


