YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Fazil Mustafa: Beş nəfər oruc tutub digərləri tutmursa, bu digərlərinin sanki milli -mənəvi dəyərlərə laqeyd yanaşması düşüncəsini ortaya qoyur
Jurnalist dostlarımız neçə gündür sual ünvanlayırlar ki, bəs sorğu keçiririk: Oruc tutursunuzmu? Qəlblərinə toxunmamaq üçün nəzakətlə bu suala cavab vermək istəmədiyimi söyləyirəm. Fikrimcə, sualın bu cür qoyuluşu doğru deyil. Beş nəfər tanınmış insan oruc tutur, digərləri tutmursa, bu istər-istəməz digərlərinin sanki milli -mənəvi dəyərlərə laqeyd yanaşması düşüncəsini ortaya qoyur. Halbuki oruc tutmaq, namaz qılmaq, Həcc ziyarətinə getmək kimi ibadətlər insana imtiyaz deyil, daha artıq məsuliyyət yükləyir. Azərbaycanda insanların xeyli hissəsi məhz məsuliyyəti anlamadan bu ibadətləri edir. Çevrədə fərqliliyini göstərmək, hansısa icmaya mənsub olmaq, öz şəxsiyyətini dindar obrazda təqdim etməklə etibarlılq qazanmaq məqsədi güdürlər. Nə gözəl deyilmiş: Mənə insanlığınızı göstərin, dindarlığınızı, möminliyinizi, hacılığınızı axirətdə Allaha göstərərsiniz. Məmləkətimiz insan olmadan müsəlman olmuş kimliklərlə dolub-daşır. Ali insan dəyərlərinə sahib olan hər kəs, fikrimcə, ibadətli-ibadətsiz olsun, İslam dininin yetişdirməyi hədəflədiyi insandır!


