Hümbət Quliyev:
Qarpız dərsi
Hər dəfə hardasa qalaqlanmış qarpız görəndə, bu hadisə yadıma düşür.
14, bəlkə də, 15 yaşımda atam məni qarpız almağa göndərmişdi. Evimizdən bir az aralıda biri qarpızları qalaqlayıb satırdı.
Qarpızsatan yaşlı bir kişi idi. O yaşımda məndən beş- on yaşlı istənilən insan mənim üçün yaşlı idi.
Kişi qarpızla maraqlandığımı görüb dedi: - Bala, gəl əmin sənə əla, şirin bir qarpız versin, istəsən kəsərəm də.
Mənim cavabımı gözləmədən “əmi” iri bıcaqla bir qarpızdan üçbucaq hissə çıxarıb, elə bıçağın ucunda mənə verdi.
Mən qarpızı daddım və mənə qarpız heç şirin gəlmədi. Utana- utana dedim ki, əmi şirin deyil. Evdə atam qarpız gözləməsəydi və pis qarpız aldığıma görə məni məzzəmət etməyəcəyini bilməsəydim, elə təkcə qırmızılığına görə bu qarpızı tək də yeyərdim.
- Əmi, şirinliyi lap azdır, vallah.
Əmi bıçaqla əlimdəki qarpız üçbucağının bir qırağından kəsib, ağzını marçıldatdı.
- Bala, sən bu qarpıza deyirsən ki, şirin deyil? Bal kimi qarpızdır!
Al, apar, evdəkilər sənə sağ ol deyəcəklər.
Tərəddüdümü görüb, əlavə elədi: görürəm yaxşı oğlansan, sənə bir az ucuz da verərəm. Dediyi “ ucuz” sözü mənə qarpızdan şirin gəldi və mən qarpızı alıb evə getdim.
Evdə atam qarpızı həvəslə kəsib elə ilk yekə dilimi mənə verdi. Sonra özünə də bir dilim kəsib daddı və elə dadan kimi də başını buladı.
- Bala, sən bu qarpızı alanda, dadına baxdın? Dedim,- hə.
Atam təkrar soruşdu:- Görmədin ki, şirin deyil?
Dedim,- ata, mən qarpızsatana dedim ki, şirin deyil, amma o dedi ki, şirindir.
Atam durub mənə dedi ki, dalımca gəl.
Atam cüssəli kişi olsa da, mülayım insan idi. Atam nəhəng Kamaz sürücüsü idi.
O, qarpızsatanla görüşdü, kef- hal elədi. Qarpızsatan, atama aşağıdan yuxarı baxıb dediyi ilk cümlə bu oldu ki, - kişi bu qarpızlar sənə qurbandır.
Atam ona heç nə demədən özü qarpız seçdi, bayaq aldığım qarpızı qoyub, yeni qarpızla geri qayıtdıq. Bu dəfəki qarpız çox şirin idi.
Sonda atam mənə dedi: - Bala, yadında saxla, hərənin öz ağzı var və hərə öz ağzına uyğun da danışacaq və bu təkcə dada deyil, həm də sözə aiddir.
Nədənsə əminsənsə, fikrini başqalarına görə heç vaxt dəyişmə.
Atamın o sözlərini sırğa kimi hələ də gəzdirirəm.
Hümbət Həsənoğlu


