Əkbər Qoşalı:
Rusdilli məktəb sayının artması – müstəqilliyimizin ruhunu balalarımıza necə ötürə bildiyimizin güzgüsüdür
Bir qərinəlik sual:
Can Azərbaycanda nə qədər rusdilli məktəb var, onların neçəsinə ehtiyac duyulur və ümumiyyətcə mövcud şərtlər, normativlər içində rusdilli məktəb-mühitə əşhədü-ehtiyac varmı?
Əslində və əlbəttə, bu, təkcə təhsil məsələsi deyil – bu, milli kimlik, mədəniyyət və gələcəyə baxış məsələsidir. Dil yalnız söz deyil, o:
- düşüncədir,
- mədəniyyətdir,
- tarixi yaddaşdır.
Biz balalarımıza hansı mənəvi-mədəni xəritəni təqdim edirik?
Rusdilli məktəb sayının artması – müstəqilliyimizin ruhunu balalarımıza necə ötürə bildiyimizin güzgüsüdür. Gündoğardan-Günbatara, Güneydən - Quzeyə - yollar qovşağında yerləşən bir ulu ölkə kimi öz dilimizdə düşünmək, dövlət dilində oxumaq – bu, sivilizasiyalardan yalnız birinə oxşamaq deyil, həm də Arazdan Kəngərli (Hörmüz) boğazınadək olan ərazidə, qardaş Türkiyədə, Balkanlarda, Qafqazda, Türküstanda (Orta Asiyada) danışmaq, anlaşmaq imkanıdır.
Görün rusun ünlü şairi Lermontov bizim dilimiz haqqında nə deyib: "...mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum... azərbaycanca öyrənməyə başladım; həmin dil burada və ümumiyyətlə Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri bir dildir".
“Fransız dilini bilərək bütün Avropanı gəzib dolaşmaq mümkün olduğu kimi, Azərbaycan dilini bilməklə bütün Qafqazı gəzmək olar”. - bu isə rus yazıçı, devrimçi Aleksandr Bestujev-Marlinskiyə aiddir.
Uzun sözün qısası,
Azərbaycan Respublikasında nə qədər rusdilli məktəb olmalıdır? sualının sağlam cavabı vardır:
1) Rusiya Federasiyasındakı azərbaycandiili məktəblərin sayı qədər;
2) müvafiq dildə gələcəkdə gərək ola biləcək mütəxəssis ehtiyacımız qədər.
Əlbəttə, hər ehtiyac milli çıxarlarımıza və strategiyamıza uyğun yorumu haqq edir. Əks halda… dilimizi, kimliyimizi, baxışımızı uluslararası meydanda uduzarıq. Elə deyilmi?
Nə dilimiz, nə də dövlətimuz zaval görməsin!


