Faiq İsmayılov:
Qərbi Azərbaycan həqiqətləri: Dığ kəndində məlikliyin malikanəsi
Qərbi Azərbaycanın Dığ kəndindəki Malikanə, Qarabağ xanı İbrahim Xəlil xanın göstərişi ilə Məlikliyin mülkü olaraq tikdirilmişdir. Bu faktı erməni mənbələri də təsdiqləyir. Erməni tədqiqatçı A.Qulyan da abidə üzərində edilən erməni saxtakarlığını etiraf edir. Onun bildirdiyinə görə Malikanənin divarındakı kitabə olduğu kimi deyil, fraqmentdə dəyişiklik edilmiş və yazı indiki vəziyyətdə belə oxunur. “1783-cü ildə mən,İbrahim xanın dövründə bu mülkü əzəmət üçün tikdirdim” (Gulyan 2001, 109; SAN. 2, 720 şəh.). Divar yazısı təhrif olunsada burada İbrahim xanın adı çəkilir. Bu isə məlikliyin Qarabağ xanlığının tabeliyində olmasını təsdiq edən çox mühüm amillərdən biridir. Bu malikanənin hansı məlikliyin mülkü olması barədə hələlik heç bir rəsmi məlumat yoxdur.
Malikanə kompleksinin ilkin tikintisi şərq-qərb istiqamətində yerləşən iki bitişik mərkəzi Qlxatun və onlara bitişik iki tağlı kiçik zaldan ibarət olub. Lakin indi kompleksin görünən digər hissələri isə kompleksə sonradan edilən əlavələrdir. Qlxatun (qaradam, yəni bacalı ev), Azərbaycanın dağlıq regionlarında geniş şəkildə istifadə olunan qədim yaşayış evidir.
Qara damlarda evin tavanını saxlamaq üçün ağac sütunlardan dayaq kimi istifadə edilirdi. Bu qəbilli yaşayış evlərində pəncərə olmazdı. İşıq damın tavanının mərkəzindəki dördbucaqlı və ya dairəvi şəkilli oyuqdan yəni bacadan düşərdi. Baca qara damdan həm də tüstünün çıxmasını təmin edərdi. Çünki qara damın mərkəzində yandırılan ocaqla qızdırılardı ona orta ocaq deyərdilər. Qara damda ailənin xörəyi, payız, qış aylarında damda orta ocağın üstündə hazırlanardı. Ona görə də evə dolan ocağın tüstüsü, damın mərkəzindəki oyuqdan, yəni bacadan xaric olardı.
Ənənəvi qara damlarda əhalinin ev məişət avadanlıqları ilə yanaşı, mal-qarasıda saxlanardı. Əhali bir qayda olaraq evin bir hissəsində xalça-palazla örtülmüş yerdə yatıb durar, digər hissəsində isə ailəyə məxsus mal-qaranı bağlayardılar. (bax; Faiq İsmayılov. Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər. Bakı-2012-ci il. Səh 98-99)
Malikanənin qara damları eyni ölçüdədir və kvadrat nisbətlərindən bir qədər kənara çıxır (6,55 x 6,85 m) və hər birinin eyni tərəfə açılan bir çıxışı var. Kompleksin şərq girişi demək olar ki, tam məhv edilmişdir. Qara damların daxili divarlarında üzbəüz iki kiçik və yastı taxça tikilib. Qaradamlar fasad divarının iç tərəfinin künclərindən açılan girişlərlə yan iki kiçik zalla birləşir.
Malikanənin divarları üzərində ermənilərin müxtəlif dövrlərdə qeyri-qanuni apardıqları çoxsaylı yenidənqurma işlərinin izləri var. Bina yerli pud daşlar və əhəng məhlulu ilə tikilib. Binanın divarlarının qalınlığı 1,1-1,2 metr olub. Lakin bina sonuncu dəfə 1985-ci ildə ermənilər tərəfindən sökülüb yenidən tikiləndə divarların qalınlığı 0,7-0,8 metrə qədər azaldıldı və binanın xarici interyeri orginal formaya uyğun olmayan qaydada dəyişdirilib. Bu yenidənqurmadan məqsəd Malikanə kompleksinin divarları üzərindən türk elementlərini yox etmək, abidənin ermənilərə məxsusluğunu təsdiq etmək üçün saxta “sübutlar” yaratmaq idi. Ümumi plan üzrə çox da böyük olmayan Malikanə kompleksi düzbucaqlı formada tikilmişdi. Amma ermənilər kompleksin həcmini böyüdərək enini 13, uzunluğunu isə 26,5 metrə çatdırdılar.
Binanın sonuncu tikintisi zamanı binanın məqsədlərinə uyğun olmayan formada divarlara qəbir daşları və ətrafdakı digər memarlıq abidələrinin fraqmentləri hörülüb. Diqqətlə baxanda binanın divarlarında, binaya aid olmayan təkrar istifadə olunan memarlıq detalları açıq aydın görünür. Faktiki olaraq abidə hal-hazırda olduğundan fərqli formada təqdim edilir ki, bu isə bərpa qaydaları ilə ziddiyyət təşkil edir.
Faiq İsmayılov
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai birliyinin sədri


