Akademik Cəlal Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunub
İyunun 30-da görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin anadan olmasından 97-ci il keçir. Bu münasibətlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın rəhbərliyi ilə institutun kollektivi və akademik Cəlal Əliyev elmi məktəbinin yetirmələri alimin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da akademik Cəlal Əliyevin məzarını ziyarət edərək onun elmə və kənd təsərrüfatına verdiyi əvəzsiz töhfələrini dərin minnətdarlıqla xatırlayıblar.
Anım mərasimində iştirak edənlər akademikin əziz xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə əklil və gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Akademik Cəlal Əliyevin zəngin elmi irsi və onun yaratdığı elmi məktəb bu gün də Azərbaycan elminin inkişafına xidmət edir və yeni nəsil alimlərə örnək olur.


