Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hacıyeva Raziyə: 
Naxçıvan Dövlət Universitetinin
 I kurs Magistrantı

Müstəqillik illərində
Azərbaycanda Arxeologiya elminin naliyyətləri

GİRİŞ:

Qədim tarixə malik Azərbaycan tarixin bütün dövrlərində yadellilərin diqqət mərkəzində olmuş və işğalçı basqınlara məruz qalmışdır. Lakin xalqımız daim suveren, müstəqil yaşamaq arzusunda olmuş və bir çox təzyiqlərə baxmayaraq müstəqillik uğrunda müharibələr aparmışdır. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan savaşların, tökülən qanların və uğurlu, uzaqgörən siyasətin nəticəsi olaraq biz bu gün tam müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq.
Azadlıq ideyası bir çox millətlər üçün arzuolunan olsa da, bu ideya arxasınca getmək hər bir millətə nəsib olmamışdır. Çünki azadlıq böyük zəhmət, mübarizə, əzm və cəsarət tələb edir. XX əsrdə çətin siyasi şəraitə baxmayaraq böyük mübarizələrin nəticəsində Azərbaycan xalqı iki dəfə müstəqillk əldə etmişdir. İlk müstəqilliyini 1918-ci il mayın 28-də İstiqlal bəyannaməsini qəbul edərək qazanan Azərbaycan xalqı qısa vaxt ərzində böyük uğurlara imza atdı. Təəssüflər olsun ki, müstəqilliyimiz daim olmadı. 1920-ci il 28 aprel tarixində bolşeviklərin Bakını ələ keçirməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti süqut etmiş və müstəqillikdən məhrum olan Azərbaycan 70 il Sovet Rusiyasının təsiri altında olmuşdur. Dünyanın ən güclü dövlətlərindən biri olmuş Rusiyanın Mixail Qorbaçovun rəhbərliyi ilə 25 dekabr 1991-ci ildə istefa verməsi ilə süquta uğraması bir çox Sovet respublikaları kimi Azərbaycanın da müstəqilliyini ikinci dəfə bərpa etməsi üçün şərait yaratdı. XX əsrin sonlarında əldə olunan müstəqillik Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi müstəqilliyin davamı olmuşdur. Azərbaycan xalqının azadlıq mübarizəsi qarşısıalınmaz həddə çatmış və xalqın təkidi ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. 30 avqust 1991-ci ildə qəbul edilən bəyannamə 18 oktyabrda Azərbaycan Respublikasının dövlət müstəqilliyi  haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələndi. Dekabrın 29-da keçirilən ümumxalq səsverməsi zamanı Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. Beləliklə 1991-ci il 18 oktyabr tarixindən etibarən Azərbaycan müstəqil, suveren ölkədir. Müstəqillik qazandıqdan sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi arxeologiya sahəsində də inkişaf və yeniliklər dövrü başladı. Arxeologiya xalqımızın və dövlətimizin qədim tarixini dərindən və hərtərəfli öyrənmək üçün mühüm əhəmiyyətə sahib elm sahəsidir. Sovet imperiyasından asılı olduğumuz müddətdə aparılan arxeoloji tədqiqatlar təhrif olunmuş şəkildə yazılır. Lakin müstəqilliyin bərpa olunması ilə Azərbaycanın bütün ərazilərini əhatə edən arxeoloji tədqiqatlar sistemli və davamlı olmuşdur. Arxeoloqlar tərəfindən ölkəmizin müxtəlif bölgələrində aşkarlanan qədim insan məskənləri və maddi mədəniyyət nümunələri Azərbaycanın ən qədim tarixə və mədəniyyətə malik olan ölkə olduğunu sübut edir. Müstəqillik illəri Azərbaycan Milli Məclisi tərəfindən 10 aprel 1998-ci ildə qəbul edilmiş “Tarix və Mədəniyyət abidələrinin qorunması” haqqında Azərbaycan Respublikasının Qanunu aparılan arxeoloji tədqiqatlara hüquqi əsas qazandırmışdır. Bununla da, Respublikamızın ərazilərində yerləşən abidələrin qeydiyyata alınması, öyrənilməsi, qorunması, bərpa edilməsi, yenidən qurulması işlərinə başlanmışdır. Həmçinin müstəqillik illərinə qədər Azərbaycanda ibtidai insan yaşamadığı və burada ilk insan məskənlərinin olmadığı göstərilsə də, son illər ərzində Avropa alimləri ilə birgə aparılan tədqiqat işləri və əldə edilən arxeoloji materiallar sübut edir ki, Azərbaycan ərazisində ilk insan məskənləri 2.5 milyon il əvvələ aiddir. Bu isə Azərbaycanın qədim sivilizasiya mərkəzi olduğunu, Yaxın Şərq və Qafqazda ən qədim arxeoloji mədəniyyətə, maddi və mənəvi irsə malik olduğunu göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 iyul tarixli qərarı ilə tariximizi və mədəni irsimizi daha dərindən öyrənmək üçün Arxeologiya və Etnoqrafiya sektorunun tərkibində Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldı. Bu isə Naxçıvan, Qarabağ, Gəncə-Qazax, Quba, Xaçmaz və s kimi yerlərdə yeni abidələrin tədqiq olunmasına səbəb oldu. 1993-cü ilin sentyabrında Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüş keçirmiş və Azərbaycan tarixinin tədqiq olunub öyrənilməsinin mühüm vəzifələrdən biri olduğunu və gələcək nəsillərin tariximizi düzgün və dərindən öyrənməsi üçün vacib oluduğunu bildirmişdir. Tarixçilərimiz bu görüşdən sonra xalqımızın keçdiyi uzun müddətli tarixi inkişaf dövrlərini yenidən araşdırmışlar. Tədqiqatların nəticəsi olaraq əldə edilən arxeoloji etnoqrafik, epiqrafik materiallar əsasında ölkəmizdə ibtidai icma quruluşunun arxeoloji mədəniyyətləri, təsərrüfat sahələri, ovçuluq, yığıcılıq, təbii coğrafi şəraiti, əkinçilik və maldarlığın meydana gəlməsi, tuncun və dəmirin meydana gəlməsi, ibtidai icma quruluşunun dağılması, ilkin sinifli cəmiyyətin yaranması, dövlətlərin yaranması, xalqımızın yaranması, işğalçı basqınlar və xalqın yadellilərlə mübarizəsi və s kimi məsələləri özündə cəmləşdirən yeddi cildlik 'Azərbaycan Tarixi’ hazırlanıb çap olunmuşdur. Bununla da uzun müddət təzyiqlərə məruz qalan təhrif olunmuş tariximiz və mədəniyyətimiz yenidən dərçəlib, inkişaf etməyə başladı. Ölkəmizdə aparılan elmi tədqiqat işləri beynəlxalq xarakter daşımış və alimlərimizin Fransa, İspaniya, İtaliya, Rusiya, Gürcüstan, Hollandiya və s ölkələrin alimləri ilə birgə əməkdaşlığın nəticəsində avropa alimləri 2002-ci ilin sentyabrında Bakıya gəlmiş Azıx, Tağlar, Qazma mağaralarından tapılan arxeoloji materialların tədqiqi ilə məşğul olmuşlar. Müstəqillik əldə etdikdən sonra, xüsusi ilə də 2008 və 2012-ci illərdə ölkə başçısı sərəncamı əsasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının güclənməsi üçün ayrılan vəsaitin artırılması ekspedisiyaların və arxeoloji tədqiqatların sayının artmasına səbəb oldu. Qazıntılardan əldə edilən materiallar Heydər Əliyevin göstərişi ilə yaradılmış Tarix-Diyarşünaslıq muzeyində tariximizin möhtəşəmliyini nümayiş ettirmək məqsədilə toplandmışdır.
Həmçinin müstəqillik illərində Azərbaycan tarixi abidələrinin qorunması üçün hüquqi baza yaradılmış və Ümumilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ‘Tarix və Mədəniyyət Abidələrinin Qorunması’ haqqında və ‘Arxeoloji irsin qorunması haqqında’ Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barəsində 1999-cu il 20 oktyabr tarixli qərarı qəbul edilmişdir. Bununla yanaşı Azərbaycan həmçinin arxeoloji abidə və mədəni irsin qorunması ilə bağlı beynəlxalq ictimayət ilə birgə əməkdaşlıq etmiş və 1954-cü il ‘Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında’ Haaqa Konvensiyasının şərtlərinə əsasən işğal zonasında arxeoloji qazıntıların aparılması mədəni, tarixi və elmi materialların gizlədilməsi və ya məhv edilməsi qadağan olunmuşdur. Haaqa Konvensiyasına üzv olmasına baxmayaraq erməni işğalçıları konvensiyasın şərtlərini pozmuşdur. Erməni separatçıları Azərbaycanın bir çox bölgələrində soyqırımlar törətmiş, şəhər və kəndləri dağıtmış, abidələrimizə zərər vermişdir. Bu ən çox uzun müddət işğal altında olunmuş Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində olmuşdur. Ermənilər qədimi torpaqlarımızı özününkiləşdirmək və burada həmişəlik məskən salmaq üçün tarix saxtalaşdırmağa çalışmış və ulu əcdadlarımız Albanlara məxsus xristian abidələrini erməni abidələri kimi təqdim etməyə çalışmışdır. 30 il düşmən qarətinə məruz qalan bu torpaqlarda erməni vandallarının tarixi və mədəni abidələrimizi məhv etməsini qeyri-qanuni tədqiqat işlərinin aparılmasını sübuta yetirən faktlar tapılmışdır. Həmçinin 90-cı illərdən sonra arxeoloji ekspedisiyaların fəaliyyəti güclənmiş və erməni işğalçılarının Azərbaycan torpaqlarına iddialarının əsassız olduğunu sübuta yetirmişdir. Azərbaycanın digər qədimi diyarı Naxçıvan bölgəsini İkinci Kültəpə, Xaraba-Gilan, Gəmiqaya və digər abidələrdə aparılan qazıntılar əldə olunan materiallar əsasında burada bütün arxeoloji dövrlər ərzində Azərbaycanlıların məskunlaşdığı sübut edir. Xüsusilə Ordubaddakı və Ermənistanla sərhəddə Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən hündür zirvəsi Qapıcıq (3906) yüksəkliyində qayaüstü təsvirlərin və qəbr abidələrinin üstünlük təşkil etdiyi Gəmiqayada aparılan qazıntılar xüsusi əhəmiyyətlidir. Bu baxımdan çox çətin relyefdə yerləşən Gəmiqaya kompleksində abidələr və qayaüstü təsvirlər aşkarlanmışdır. Bütün bunlar müstəqillik qazandıqdan sonra ölkəmizdə qazıntı işlərinin artmasının arxeoloji tədqiqatların miqyasının daha da genişlənməsini göstərir. Ölkəmizdə arxeologiya elminin uğurlarının artması tariximizin daha dərindən öyrənilməsində tarixi torpaqlarımıza olan ərazi iddialarının əssassız olduğunu sübut etməyə və tarixi soykökümüzü və mədəni irsimizi daha yaxşı mənimsəməmizə səbəb olub.
NƏTİCƏ:
Bu gün ölkə başçımız və xalqımızın birgə fəaliyyəti nəticəsində Konstitusiyamızın 11-ci maddəsində qeyd edilən prinsiplər tam reallaşmışdır. Azərbaycanın ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyini əks etdirən bu prinsiplər 2020-ci il Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması tam təmin olunmuş oldu. Bu möhtəşəm qələbənin 5 illiyi və Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Bütün bunlar ölkəmizin suverenlik və qanunvericilik yolunda düzgün və cəsarətli siyasətinin göstəricisidir.

Best coffeeshop in Berlin