Masallı məktəblərində “Son zəng” tədbirləri
İyunun 14-də ölkənin hər yerində olduğu kimi Masallı rayonunun ümumtəhsil məktəblərində də “Son zəng” tədbirləri qeyd edilib.
Tədbirlər başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Son zəng” tədbirlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin məsul işçiləri, məzunlar, valideynlər, müəllimlər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məzunları əlamətdar gün münasibətilə təbrik edənlər Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə inkişaf edən Azərbaycan dövlətinin gəncləri qarşısında geniş üfüqlər açıldığını vurğulayıb, məzunlara müstəqil həyat yolunda uğurlar arzulayıblar.
Müəllimləri qarşısında çıxış edən məzunlar onlara göstərilən qayğıya vətənə sədaqət nümayiş etdirməklə cavab verəcəklərini bildiriblər.
Məktəb rəhbərliyi tərəfindən təhsildə fərqlənən müəllim və şagirdlərə fəxri fərmanlar, təşəkkürnamələr təqdim olunub.
Tədbirlərdə məzunlar və birincilər mahnılar oxuyub, şeirlər söyləyib, rəqslərdən ibarət kompozisiyalar nümayiş etdiriblər.
Sonra “Son zəng” səslənib.
Akif AĞAYEV


