İlk Məktəblərarası Süni İntellekt Olimpiadası +FOTO=4
Azərbaycanda İlk Məktəblərarası Süni İntellekt Olimpiadasının Təşəbbüskarı –
ADA Məktəbinin Şagirdi Cüneyd Qənbərov
Azərbaycanda ilk dəfə olaraq məktəblərarası süni intellekt üzrə olimpiadanın keçirilməsinə təşəbbüs göstərən gənc istedad – Cüneyd Qənbərov– ölkəmizin elm və texnologiya sahəsində gələcək vəd edən simalarından biridir.
ADA Məktəbinin 10-cu sinif şagirdi olan Cüneyd Qənbərov uzun müddətdir ki, proqramlaşdırma və süni intellekt sahələrində fəal şəkildə çalışır. O, 12 yaşından etibarən kodlaşdırma ilə maraqlanır və artıq iki ildir ki, müxtəlif beynəlxalq səviyyəli süni intellekt yarışmalarında və olimpiadalarda iştirak edir. Son bir il ərzində Cüneyd riyaziyyat, kodlaşdırma və süni intellekt üzrə keçirilmiş beynəlxalq müsabiqələrdə 30-a yaxın medal – qızıl, gümüş və bürünc – qazanaraq ölkəmizin adını layiqincə təmsil edib.
Onun uğurları sırasında ən diqqətçəkənlərdən biri bu ilin 15 fevral tarixində Tailandın paytaxtı Banqkok şəhərində keçirilmiş International Math Challenge beynəlxalq olimpiadasında əldə etdiyi qızıl medaldır. Qeyd edək ki, bu olimpiadada Azərbaycan 16 nəfərlik şagird heyəti ilə təmsil olunub və Cüneyd həmin heyətin yeganə qızıl medalçısı olub. Bundan əlavə, o, ABŞ tərəfindən təşkil olunan süni intellekt üzrə beynəlxalq olimpiadada da qızıl medal qazanaraq dünya reytinqində üçüncü yerə layiq görülüb.
Bu uğurlar Cüneydin təkcə nailiyyətləri deyil, eyni zamanda daha böyük bir məqsədin başlanğıcıdır. Gənc proqramçı süni intellekt sahəsində beynəlxalq praktikanın Azərbaycanda da tətbiq olunmasına nail olmaq istəyir. Bu məqsədlə, o, ölkəmizdə ilk dəfə məktəblərarası süni intellekt olimpiadasının keçirilməsinə təşəbbüs göstərib və bu ideyasını gerçəkləşdirib. Cüneydin təşəbbüsü və ADA Məktəbinin rəhbərliyinin, həmçinin Star Colleges təhsil platformasının dəstəyi ilə təşkil olunan bu Respublika səviyyəli olimpiada 5-11-ci sinif şagirdlərini əhatə edib. Yarışmanın əsas məqsədi şagirdlərin süni intellekt texnologiyaları ilə tanış olması, bu sahəyə marağın artırılması, onların bacarıqlarının üzə çıxarılması və beynəlxalq standartlara uyğun biliklərin əldə olunmasıdır. Olimpiadada Azərbaycanla yanaşı, 6 ölkədən iştirakçılar da mübarizə aparıblar. Mükafatlandırma tədbiri isə 10 iyun 2025-ci il tarixində ADA məktəbində baş tutub. Qaliblər müəyyən olunaraq müvafiq mükafatlarla təltif ediliblər.
Azərbaycanda süni intellekt sahəsində məktəblilər üçün ilk dəfə olaraq bu cür genişmiqyaslı tədbirin keçirilməsinə təşəbbüs göstərən və uğurla reallaşdıran Cüneyd Qənbərovun fəaliyyəti gənclər arasında elmi texniki yaradıcılığın inkişafına böyük təkan verəcək.
Bu əlamətdar uğur münasibətilə Cüneyd Qənbərovu təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Belə istedadlı gənclərlə qürur duyuruq!
Yarışın mükafat sahibləri:
Qızıl medal
Ülvi Xudaverdiyev- Sumqayıt şəhəri, 27 saylı tam orta məktəb, 8-ci sinif.
Gümüş medal
Mənsur Rəhimli- S.Ə.Şirvani adına Zərdab rayon İsaqbağı kənd orta məktəbi, 11-ci sinif.
Bürünc medal
Yusif Seyidov- ADA məktəbi 10-cu sinif.
Fəxri mükafatçılar:
- Valeh Kazımlı-Bakı şəhəri Kaspi liseyi, 11 ci sinif.
- Abdulla Abdullazadə-Ağdaş rayonu, Ləki qəsəbəsi, 6 saylı tam orta məktəb, 11-ci sinif.
- Həsən Ələkbərzadə-Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini, 10-cu sinif.
- Eldar Həmidov-Suqayıt şəhəri, 29 saylı orta məktəb, 9-cu sinif.
- Yusif Ələkbərov- Şirvan şəhər, 11 saylı orta məktəbin 11-ci sinif.
- Leyla Əsgərli- Bakı şəhəri, 291 saylı Ekologiya liseyi, 8-ci sinif.
- Murad Mirzəyev-Bakı şəhəri, 23 saylı orta məktəb, 8-ci sinif.
- Əkbər Bağırov-Gəncə şəhəri, FRİTL. 10-cu sinif.
- Kənan Yaqubov-Gəncə şəhəri, M. Mehdizadə adına 4 saylı xarici dil təmayüllü lisey, 8-ci sinif.
- Orxan Adıgözəlov-Bakı şəhəri, Türk Dünyası Bakı Atatürk Liseyi, 9-cu sinif.
Ziyarət Cabarova-Qəhrəmanova
Sənətşünas, Prezident təqaüdçüsü


