ADPU-da “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) gənc tədqiqatçıların elmi
fəaliyyətini stimullaşdırmaq və onların nailiyyətlərini təşviq etmək məqsədilə keçirilmiş “İlin
gənc alimi və tədqiqatçısı” adlı müsabiqənin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Müasir dövrdə ali
təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri təkcə keyfiyyətli tədris deyil, həm
də elmi-tədqiqat fəaliyyətinin inkişafıdır. Bu baxımdan, gənc alimlərin elmə marağının
artırılması və onların fəaliyyətinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Pedaqoji
Universitet üçün gənc alimlərin inkişafını dəstəkləmək, onların elmi fəaliyyətini təşviq etmək
bizim üçün strateji prioritetdir. Rektor bildirib ki, bütün sahələrdə olduğu kimi, elmi-tədqiqat
sahəsində də gənclərin aktiv iştirakı olduqca vacib məsələdir və bu istiqamətdə universitetdə
sistemli işlər görülür.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov çıxışında müsabiqə haqqında
məlumat verib. Prorektor vurğulayıb ki, müsabiqə ötən il fəal, səmərəli fəaliyyət göstərərək
yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda dərc edilmiş məqalələri, monoqrafiya,
dərslik, dərs vəsaiti və digər əsərləri olan, eyni zamanda, ADPU-nun və filiallarının ictimai-
siyasi həyatında fəaliyyəti ilə fərqlənmiş doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və
mükafatlandırılması məqsədi daşıyır. Universitetin Gənc alimlər və tədqiqatçılar şurasının
təşkilatçılığı ilə keçirilən müsabiqədə ADPU və onun filiallarında pedaqoji fəaliyyət göstərən,
yaşı 39-a qədər olan gəncləri əhatə edən müsabiqədə 2 nominasiya – “Riyaziyyat və təbiət
elmləri” və “Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyaları üzrə qaliblər müəyyən
edilib. “Riyaziyyat və təbiət elmləri” kateqoriyası üzrə Riyaziyyatın ibtidai kursunun tədrisi
texnologiyası kafedrasının müəllimi Aynur Məmmədova I, Biologiya və onun tədrisi
texnologiyası kafedrasının müəllimi Qumru Bəlaxanova II yerə layiq görülüb. “Humanitar,
ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyası üzrə Azərbaycan tarixi kafedrasının baş müəllimi
Cəfər Xanəliyev I, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi Ülkər Baxşıyeva
II, Azərbaycan tarixi kafedrasının müəllimi Sahibə Musayeva və Şamaxı filialının Pedaqogika və
psixologiya kafedrasının baş müəllimi Şəlalə Seyidova III yerin sahibi olub.
Müvafiq olaraq, I yerin qalibləri 350 AZN, II yerin qalibləri 250 AZN, III yerin qalibləri isə 150
AZN pul mükafatı ilə mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqə ADPU-da gənc alimlərin elmi fəaliyyətə marağını artırmaq, onların
cəmiyyət üçün faydalı elmi nəticələr əldə etməsinə stimul vermək məqsədi daşıyır. Universitet
rəhbərliyi tərəfindən belə tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
ADPU-nun mətbuat katibi Taleh Mirzəyev


