AzMİU-da “Elmdə Addımlar: TEC Günləri” çərçivəsində “Gələcəyin
Qurucuları” layihəsinə start verilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 5–16 may tarixlərini
əhatə edən “Elmdə Addımlar: TEC Günləri” çərçivəsində tələbələrin bilik və
bacarıqlarını inkişaf etdirməyə yönəlmiş “Gələcəyin Qurucuları” adlı yeni layihəyə
start verilib. 13–15 may tarixlərini əhatə edən layihə sənaye və universitet
əməkdaşlığının bariz nümunəsi kimi çıxış edir.
Layihənin ilk günü – 13 may tarixində keçirilən sessiyalar öyrədici,
maarifləndirici və praktik yönümlü tədbirlərlə yadda qalıb. Gündəlik proqram
çərçivəsində “Dashyunu” MMC, “İZOFASAD” MMC, “Penoplex” və “HOLCİM”
kimi tikinti sektorunun aparıcı şirkətlərinin nümayəndələri tələbələrlə görüşərək
müasir tikinti materialları və texnologiyalar barədə ətraflı təqdimatlar ediblər.
Həmin gün universitetin həyətində təşkil olunan xüsusi yarış isə layihəyə
əlavə rəng qatıb. İnşaat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri
fakültələrindən 40 tələbə (hər fakültədən 20 nəfər) bu yarışa qoşulub. Yarışda 8
komanda iştirak edib və hər komanda 5 tələbədən ibarət olub. Komandalar inşaat
və izolyasiya sahəsində ixtisaslaşmış şirkət nümayəndələrinin hazırladığı
tapşırıqları müəyyən vaxt çərçivəsində yerinə yetirməyə çalışıblar.
Yarış zamanı tələbələr müxtəlif praktik fəaliyyətlərlə məşğul olub, real iş
şəraitinə yaxın simulyasiyalar vasitəsilə bacarıqlarını nümayiş etdiriblər. Ən yaxşı
nəticə göstərən tələbələrə şirkətlər tərəfindən hədiyyələr təqdim olunub. Bu yarış,
tələbələrin həm komanda ruhunu gücləndirib, həm də nəzəri biliklərini praktikaya
tətbiq etmələri baxımından olduqca faydalı olub.
14 may tarixində layihə “HOLCİM Academy” nümayəndəsinin
təqdimatında keçiriləcək təlimlə davam edəcək. Təlim zamanı tələbələr sement və
tikinti texnologiyalarındakı yeniliklərlə tanış olacaqlar. Ardınca “GEOTEST”
MMC tərəfindən təşkil olunacaq sessiyalarda geotexniki araşdırmalar və torpaq
mühəndisliyi sahəsində praktik biliklər tələbələrlə paylaşılacaq.
15 may tarixində isə İnşaat konstruksiyaları kafedrasının müdiri professor
Muxlis Hacıyev tələbələr üçün təlim keçirəcək. Daha sonra universitetin müasir
laboratoriyalarında tələbələrlə birgə sınaqlar aparılacaq.
“Gələcəyin Qurucuları” layihəsi sənaye və universitet arasında əməkdaşlığın
gücləndirilməsi, tələbələrin real iş mühiti ilə tanış olması və gələcək peşəkar
inkişaflarına dəstək verilməsi baxımından önəmli təşəbbüsdür. Layihə gənclərə
bilik, təcrübə və motivasiya qazandırmaqla onların gələcəyinə dəyərli töhfə verir.
Qeyd edək ki, AzMİU-da ilk dəfədir keçirilən “Elmdə Addımlar: TEC Günləri”
universitetin 50 illik yubileyinə həsr olunub.


