Azərbaycan yığması DÇ-da daha iki medal qazanıb
Zelim Tçkayev gümüş, Ömər Rəcəbli bürünc medala sahib çıxıb.
Bakıda planetin 93 ölkəsini təmsil edən kişi və qadın cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. Mundialın 7 oktyabr gününə təsadüf edən 4-cü günü yarışlara ev sahibliyi edən Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, həmin gün tatamiyə çıxan dörd təmsilçimizdən ikisi inamla güləşərək mükafatçılar sırasında yer alıb. Qazanılan medallardan biri gümüş, digəri bürünc əyarlı olub. Gümüş medal həlledici final qarşılaşmasında üçqat dünya və üçqat Avropa çempionu adını daşıyan gürcüstanlı Tata Qriqalaşviliyə yalnız "qızıl vaxt"da (10-cu dəqiqədə) məğlub olan Zelim Tçkayevin (81 kq) aktivinə yazılıb.
Günün bürünc medalını isə elə həmin çəkidə çıxış edən Ömər Rəcəbli qazanıb.
Təəssüflər olsun ki, eyni gündə mübarizəyə qatılan Vüsal Qələndərzadə (81 kq) və qadın təmsilçimiz Hanna Zaytseva (63 kq) mübarizəni erkən dayandırıb və mundialla əliboş vidalaşıb.
Xatırladaq ki, əvvəlki günlərdə cüdoçularımızdan Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyevsə (73 kq) bürünc medal qazanıb. Bununla da Azərbaycan millisi geridə qalan dörd gün ərzində 4 (1-1-2) medal qazanıb.
Medal sıralanmasına görə Azərbaycan Yaponiyadan (6-0-2) sonra ikincidir. İlk üçlüyü bir dəst medalla (1-1-1) Gürcüstan millisi tamamlayıb. Cədvəldə dördüncü sırada İspaniya (0-2-1), İtaliya (0-1-1) isə beşinci pillədə qərarlaşıb.
Oktyabrın 8-də isə çəkisi 90 kq olan kişilər və 70 kq olan qadınlar mübarizəyə qatılacaqlar. Ölkəmiz bu şəkillərdə üç kişi və bir qadınla təmsil olunacaq.
İNTİQAM Məmmədov



