TÜRK DÜNYASININ ELMİ QÜRURU -
ƏZİZ SANCAR
Dünya şöhrətli alim Əziz Sancar 80 illik yubileyini qeyd edir
Elm dünyasında dərin iz qoyan, zəhməti və fədakarlığı ilə bəşəriyyətə böyük töhfələr verən şəxsiyyətlərdən biri də 2015-ci il Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancardır. Onun həyat yolu sadə bir kənd ailəsindən başlayaraq dünya elminin ən yüksək zirvəsinə qədər uzanan ilhamverici bir uğur hekayəsidir.
"Əziz gənclər, Vətəninizi yorulmadan sevməkdən çəkinməyin. Ölkənizin inkişafı üçün durmadan çalışın. Azərbaycanın da, bütün Türk dünyasının da elmə ehtiyacı var."
Əziz Sancar
Əziz Sancarın elmi fəaliyyətinin əsasını DNT-nin zədələnmiş hissələrinin bərpası (DNA repair) mexanizmlərinin öyrənilməsi təşkil edir. O, hüceyrələrin ultrabənövşəyi şüaların və ya kimyəvi maddələrin təsiri ilə zədələnmiş DNT-ni necə təmir etdiyini və genetik məlumatları necə qoruduğunu molekulyar səviyyədə xəritələndirib. Bu kəşf xərçəng xəstəliyinin yaranma səbəblərinin başa düşülməsində və yeni müalicə üsullarının işlənib hazırlanmasında inqilabi addım oldu.
Əziz Sancar yalnız böyük alim deyil, həm də vətənpərvər bir ziyalıdır. Nobel mükafatını aldıqdan sonra o, bu uğuru Türkiyə Cümhuriyyətinə və Mustafa Kamal Atatürkün təhsil islahatlarına borclu olduğunu bildirmiş, mükafatının medalını Anıtqəbirə hədiyyə etmişdir. Həmçinin o, ABŞ-də təhsil alan türk tələbələrə dəstək olmaq məqsədilə "Türk Evi" vəqfini təsis edərək gənc nəslə yol göstərməyə davam edir.
Əziz Sancar və Azərbaycan arasındakı münasibətlər elmi əməkdaşlıq, yüksək vətənpərvərlik və dərin mənəvi bağlılıq üzərində qurulub. Türk dünyasının ilk Nobel mükafatçısı olan Əziz Sancar Azərbaycanı öz ikinci vətəni hesab edir.
Əziz Sancarın həyatı və elmi fəaliyyəti sübut edir ki, mənşəyindən və imkanlarından asılı olmayaraq, ezm, əzmkarlıq və elmə sədaqət insanı ən böyük zirvələrə qaldıra bilər. O, təkcə türk dünyasının deyil, bütün bəşəriyyətin fəxr etdiyi böyük bir elm fədaisidir.
Əziz Sancar 44 günlük Vətən müharibəsi dövründə və sonrasında Azərbaycana açıq mənəvi dəstək nümayiş etdirib. O, Qarabağ Zəfərini Türk dünyasının Türkiyə İstiqlal Harbından sonra ən böyük qələbəsi adlandırıb. Müharibə zamanı Gəncəyə raket hücumu nəticəsində valideynlərini itirən balaca Xədicəyə maddi və mənəvi dəstək göstərməsi də onun humanizminin nümunəsidir.
Azərbaycana dəfələrlə səfər edən alim, Prezident İlham Əliyev tərəfindən qəbul edilib və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub. 2021-ci ildə Şuşanı da ziyarət edib.
2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəxri üzvü seçilib. Bakı, Naxçıvan və digər bölgələrdəki ali təhsil müəssisələrində gənc alimlər və tələbələrlə görüşlər keçirir.
Naxçıvan Dövlət Universitetində onun adına "Əziz Sancar tələbə təqaüdü" təsis edilib. O, azərbaycanlı gənclərin elmlə məşğul olmasını, fundamental biliklərə yiyələnməsini və Türk dünyasının elmi birliyini tez-tez tövsiyə edir.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Nobel mükafatı laureatı, professor Əziz Sancar Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Bu təltif alimin elmi nailiyyətləri ilə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının, elmi inteqrasiyasının və Türk dünyası birliyinin inkişafına verdiyi böyük töhfələrin yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.
Bu qardaşlıq təkcə iki ölkənin rifahı üçün deyil, həm də bütün regionda sülhün, sabitliyin və Türk dünyasının birliyinin ən böyük zəmanətidir.
Böyük alimi doğum günü münasibətilə səmimiyyətlə təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzulayırıq!
Yaşasın Türkiyə-Azərbaycan dostluğu!
Xeyransa İsmayılova
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



