Cavadxan Qasımov:
Naxçıvan Dövlət Universitetinin THE Impact Rankings 2026 uğuru strateji inkişafın nəticəsidir
Bəli, bu nəticələr böyük bir uğurdur, çəkilən zəhmətin, güclü təşkilatçılığın, sağlam qarşılıqlı münasibətlərin dolğun ifadəsidir. Bütün bunlar bir daha onu göstərir ki, Naxçıvan Dövlət Universiteti Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər) istiqamətində həyata keçirdiyi fəaliyyətlərə görə dünya miqyasında tanınan universitetlər sırasına daxil olub. Və bunun altında rektor Elbrus İsayevin imzası var.
Daha konkret desək, bu reytinq universitetlərin yalnız elmi məqalələrinin sayını deyil, onların cəmiyyətə, iqtisadiyyata və ətraf mühitə verdiyi töhfələri qiymətləndirir. Buna görə də NDU, THE Impact Rankings 2026-da 801–1000-ci yerlər arasında qərarlaşmışdır. Məhz bu uğur, o deməkdir ki, Naxçıvan Dövlət Universiteti, dövlət diqqətindən güc alaraq, Elbrus müəllimin rəhbərliyi ilə:
- təhsil, elm və innovasiya sahəsində qlobal standartlara uyğun fəaliyyət göstərir;
- Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə real töhfə verir;
- beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq imkanlarını genişləndirir;
- regionun sosial-iqtisadi inkişafında fəal iştirak edir;
- dünya universitetləri arasında rəqabət qabiliyyətini artırır.
Xüsusilə, diqqətçəkən məqam odur ki, SDG 10 – Bərabərsizliyin azaldılması üzrə NDU dünyanın ən yaxşı 301–400 universiteti sırasında yer alıb. Bu, universitetdə inklüziv təhsil mühitinin yaradılması, müxtəlif sosial qrupların təhsilə çıxışının təmin olunması və sosial bərabərliyin təşviqi istiqamətində görülən işlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
Eyni zamanda, nəticələri diqqətlə izləyəndə aydın olur ki:
- SDG 4 – Keyfiyyətli təhsil (401–600) nəticəsi tədrisin keyfiyyətinin yüksək olduğunu;
- SDG 7 – Əlçatan və təmiz enerji (401–600) nəticəsi enerji səmərəliliyi və ekoloji məsuliyyət sahəsində fəaliyyətlərin mövcudluğunu;
- SDG 17 – Məqsədlər naminə tərəfdaşlıq (601–800) göstəricisi isə universitetin beynəlxalq və yerli əməkdaşlıq şəbəkələrinin inkişaf etdiyini nümayiş etdirir.
Beləliklə, bu nəticə təkcə universitetin uğuru deyil, həm də ölkəmizin uzunmüddətli iqtisadi prioritetlərinə xas olmaqla, onun ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasının elmi-təhsil potensialının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Həmçinin, bu həm də, dünya iqtisadiyyatına, dünya elminə və dünya təhsilinə böyük töhvə olmaqdadır. Bu fakt onu deməyə əsas verir ki, Naxçıvan Dövlət Universiteti Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən və bu fəaliyyətləri beynəlxalq reytinqlərdə təsdiqlənən ali təhsil müəssisəsinə çevrilmişdir.
Xeyirli olsun.


