Vahid Qazi:
Qranadadakı Əlhəmbra orta əsr İslam memarlığının Avropada qorunan şah əsərlərindən biridir
Qranadadakı Əlhəmbra sadəcə saray deyil, orta əsr İslam memarlığının Avropada qorunub qalmış şah əsərlərindəndi. O, həm müdafiə qalası, həm kral sarayı, həm də kiçik bir şəhər kimi tikilib.
3 saat çəkən ekskursiyada bələdçidən eşitdiyimiz, saysız-hesabsız zallarda, otaqlarda, bağçalarda gördüklərimiz - divarlarda minlərlə ərəb xəttatlıq nümunəsi, həyətlərdə sərinlik yaradan mürəkkəb su kanalları sistemi heyrətamizdi.
Əmirliyin 1492-ci ildə ispanlara məğlub olması Avropada tək sonuncu müsəlman dövlətinin süqutu yox, həm də ərəblərin Əndəlüsdə 800 illik hökmranlığının sonu oldu.
Əlhambra qala-saray-şəhər-bağını gəzdikcə düşünürsən: Kordoba xilafəti, Qranada əmirliyi məğlub olmasaydı, İslam əvvəl Priney yarımadasına, sonra bütün qitəyə yayılsaydı bu gün Avropanın mənzərəsi necə olardı?! Təsəvvür etməyə çalışırsan...
Əlhəmbra məndə dərin təəssürat yaratdı. Bir vaxtlar Versal, Topqapı, Şönbrunn, Səmərqənd, Dolmabağça, Qiza ehramları, Karnak məbədi, Drottningholm və s. kimi yerlərin doğurduğu təəssürat kimi...


