Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Lalə Mehralı:

"Görəsən, jurnalistlərin sertifikasiyası keçirilsə, neçə nəfər keçid balını toplayar?"

Görəsən, jurnalistlərin sertifikasiyası keçirilsə, neçə nəfər keçid balını toplayar? Yazmağı, danışmağı və yazı janrlarını bilməyi bir kənara qoyuram; nəinki etik davranışlar, hər bir sıravi vətəndaşın bilməli olduğu media savadlılığı belə, özünə peşəkar deyən bir çox jurnalistdə yoxdur.
Yazı janrlarını və araşdırma prinsiplərini nəzərə almasaq belə, jurnalistlərin böyük əksəriyyəti elementar meyarlarla işləyə bilmir. Redaksiyamıza təcrübəçilər gəlir, rəhbərimiz onlara nəzarət etməyi tapşırır təcrübəli jurnalistlərə. Çoxu olduqca dikbaşdır; səhvlərini düzəltmək bir yana, yazdıqlarını nəzərdən keçirəndə belə bərk əsəbləşirlər. İrad bildirəndə isə "mənə belə xoşdur!" deyirlər. Buna görə də onların çoxu jurnalistikada davam gətirə bilmir, ya da yalnız "şooook!" , "dəhşət!" başlıqları bol olan saytlarda işləyirlər. Yalnız peşə sevgisi, əzmi, irada, tənqidə dözümü olanlar peşəkar jurnalist ola bilir. 
Deməli, ixtisas üzrə ali təhsil şərt deyil, şərt olan savaddır. Ona görə də bu gün peşəkar jurnalistlərin bir çoxu qeyri-ixtisaslıdır. Jurnalistika ixtisasına qəbul zamanı keçirilən qabiliyyət imtahanı çox primitiv keçirilir. Rəssamlıqdan qabiliyyət verənlərin nöqtəsi güdülür, Da Vinçi performansı gözlənilir, jurnalistikanın qabiliyyət imtahanında "Mən yay tətilini necə keçirdim?" mövzusunda 10 cümləlik primitiv inşa yaza bilənə məqbul verirlər.  4 il nə oxuyur o tələbələr? Ya da nə oxumur?
Bir çox jurnalist şəxsi həyatın toxunulmazlığı, diffamasiya və müəllif hüquqları barədə elementar qanunlardan xəbərsizdir. Faktların yoxlanılması və dəqiqləşdirilməsi qətiyyən yoxdur; çoxu müasir medianın ən böyük bəlası olan "copy-paste" fəaliyyəti ilə məşğul olurlar. Öz yazdığım cümlələri başqa imzalarla o qədər görmüşəm ki... Bu, təkcə mənim başıma gəlmir, bir çox peşəkar həmkarım bu dərddən müztəribdir. 
Həm də bu təkcə mətbuatda olmur; bəzən radionu açanda diktorun mənim cümlələrimi istinadsız, imzasız, öz dədə malı imiş kimi oxuduğunun şahidi oluram. Əvvəllər etiraz edirdim zəng edib. Daha etmirəm. Nə faydası var ki istinadın nə olduğunu bilməyənlərə? "Youtube"da kanallar var, yazılarımı video versiya edib paylaşırlar, sonda adımı çəkirlər. Amma elə gülünc tonda, elə tələffüz biabırçılıqları ilə oxuyurlar ki, altdakı şərhlərdə mənə aqressiv mesajlar yazırlar. Elə bilirlər mən özüm səsləndirirəm. 
Sosial şəbəkədəki hər hansı bir statusu araşdırmadan xəbərə çevirənlər, "copy-paste" edənlər, böhtan yazanlar və küçə söyüşmələri ilə medianı səhv salanların bəxti gətirib ki bizim mediada işləyirlər. Dil və qrammatika qaydalarından ümumiyyətlə danışmıram, cümlə qura bilməyən yüzlərlə jurnalist var. Nə yaxşı ki, korrektorlar var, üzlərini ağardır. Çox saytda o da yoxdur, gərəksiz ştat sayılır artıq. 
Televiziyalardakı vəziyyət isə daha təhlükəlidir. Çünki oxuyandan çox baxan var və aparıcıların peşəkarlıq səviyyəsi cəmiyyətə birbaşa təsir göstərir. Minimal mədəniyyət səviyyəsi olmayan, danışa bilməyən, "o deyil də...", "belə deyək də...", "zatən", "vobşim", "vsyo" kimi ifadələrlə danışan bir aparıcı tamaşaçıya nə verə bilər,  nə qazandırar?
Ümumiyyətlə, özündə nə varsa tamaşaçıya, oxucuya onu ötürürsən. Savadsız adam necə yazsın, nə yazsın? Savadsız müəllimin yanına uşaq göndərərsiniz? Özünün yüz cür xəstəliyi olan həkimin təyin etdiyi müalicə kursuna güvənərsiniz?

Best coffeeshop in Berlin