Bəhram Şəms:
Kölgədə qalan mən...
Bu mənəm, ürəyimin kölgəsində qalan mən,
Hər axşam öz dərdinə bir az da yaxın olan,
Ürəyim daş kimidir hey çırpılaraq, bəzən
Gözlərim gecələrin içində itib-qalan...
Ümidimi əkmişdim bir qara daş üstünə,
Nə yağış sulamadı, nə üzünə gün çıxdı,
İndi bütün arzular kül olub sovrulurlar,
Məni payız ruhumun soyuq gülüşü yıxdı...
Dünya məni yorubdu yoxluğun yox yerində,
İçimdə boşluq adlı bir gizli qorxu gəzib,
Adam bəzən özünə yad bir adam olurmuş,
Bir şəkilə baxaraq özü özündən bezib...
Çıxıb getmək istədim bu daralan şəhərdən,
Ayağıma dolaşdı köhnə dərdlər yerbəyer,
Bir qələm, bir ağ kağız, bir gecə qaldı mənə,
Qalan hər nə vardısa, eyləmişəm dərbədər...
O kimdir, göy üzünə çatmaq istərkən belə
Bir ömrü öz çiynində daşıyıb beli sınan?!
Bu mənəm, kölgəsinə büdrəyib geri dönən,
O mənəm, bir kədərin əlində yorğun qalan...
2026.


