Gülər Qasımova:
Xaricə köç sadəcə ölkə dəyişmək deyil, həyatını yenidən qurmaqdır
Bir gənc hindistanlı İngiltərədə təhsilin magistr pilləsinə qəbul olur.
Bir azərbaycanlı Rusiyada işləyir.
Bir rus Meksikaya yaşamaq üçün köçür.
Fərqli ölkələr, fərqli insanlar, fərqli məqsədlər.
Amma hər birini birləşdirən ortaq bir reallıq var: həyatlarının hansısa mərhələsində kəskin dönüş edərək yeni yerə uyğunlaşmalı, yeni sistemi öyrənməli və yeni qaydalarla yaşamağı bacarmalıdırlar.
Çoxlarının ciddi fikir vermədiyi bu məqam əslində köçün ən vacib hissəsidir.
Biz çox vaxt xaricə köçü yalnız qəbul
, viza, bilet və yeni ölkəyə çatmaq kimi təsəvvür edirik. Amma köç bununla bitmir. Əslində çox vaxt hər şey məhz bundan sonra başlayır.
Oksford Universitetini bitirmiş bir azərbaycanlı gənclə səmimi söhbət etsəniz, o uğurun arxasında yad ölkədə yaxıdılan göz yaşlarını, tənhalığı, yorğunluğu, adaptasiya çətinliyini hiss edə bilərsiniz.
Amma maraqlıdır ki, xaricdə yaşayan, çalışan və ya təhsil alan insanlar oranın çətinliklərindən danışanda bəzən ciddiyə alınmır, etirazla qarşılaşırlar.
“Necə yəni çətindir? Axı Kanada əla ölkədir!”
“Necə yəni uyğunlaşa bilmədin? Axı Amerikadasan!”
“Necə yəni depressiyaya düşdün? Axı İngiltərədə oxuyursan!”
Başqa ölkələr haqqında utopik təsəvvürlər köçə düzgün hazırlaşmağın qarşısını alan ən böyük maneələrdən biridir.
“Kanada cənnətdir.”
“Amerikada çox pul qazanacağam.”
“Avropaya getsəm, hər şey düzələcək.”
Bu cür fikirlər çox vaxt real araşdırmadan yox, parlaq reklam mesajlarından, yarımçıq məlumatlardan və başqalarının idealizə olunmuş hekayələrindən yaranır.
Bəli, Kanada çox yaxşı ölkə ola bilər.
Amerika böyük imkanlar verə bilər.
İngiltərədə təhsil həyat dəyişdirə bilər.
Almaniya sistemli və güclü ölkədir.
Amma heç bir ölkə problemsiz deyil.
İnsan hər yerdə insandır. Onun hər yerdə sosial, emosional, maliyyə, peşəkar və adaptasiya problemləri ola bilər.
Əgər insan hər şeyin ideal olacağına inanaraq yola çıxırsa, qarşılaşdığı ilk real çətinlik onu dərindən sarsıda bilər.
Əvvəlcə eyforiya gəlir: yeni ölkə, yeni həyat, yeni imkanlar.
Sonra isə xırda-xırda problemlər başlayır: sistem fərqlidir, insanlar fərqlidir, qaydalar fərqlidir, iş tapmaq gözlənildiyi qədər asan deyil, hava ağır gəlir, dil baryeri yorur, sosial çevrə qurmaq çətin olur, tənhalıq hissi başlayır.
Xüsusilə də əvvəllər uzun müddət ölkəsindən kənarda yaşamamış insanlar üçün bu keçid daha ağır ola bilər. Çünki onlar sadəcə ölkə dəyişmirlər. Onlar eyni anda həyat tərzini, sosial rolunu, gündəlik vərdişlərini, münasibətlərini və özlərinə baxışını dəyişirlər.
İllərdir danışdığım bir çox insanın ən böyük problemi təkcə xaricdə qarşılaşdığı çətinliklər deyil. Ən böyük problem odur ki, onlar bu çətinlikləri etiraf etməkdən utanırlar.
Halbuki bunlar uğursuzluq deyil. Bunlar planlaşdırılmamış köçün, yanlış gözləntilərin və hazırlıqsız adaptasiyanın nəticələridir.
Xaricə köç sadəcə viza almaq deyil. Sadəcə universitetə qəbul olmaq deyil. Sadəcə iş tapmaq deyil.
Xaricə köç insanın özünü yeni sistemdə yenidən yaratmasıdır.
Ona görə də köç qərarı romantik xəyallarla yox, real araşdırma, risk analizi, psixoloji hazırlıq və düzgün strategiya ilə verilməlidir.
Çünki planlaşdırılmamış köç təkcə xaricdəki həyatına yox, insanın özünə, özgüvəninə və gələcək qərarlarına da zərər verə bilər.
Uğurlu köç “hara gedim?” sualından başlamır.
Uğurlu köç bu suallardan başlayır:
– Mən hara uyğunam?
– Mən nə üçün gedirəm?
– Orada məni hansı real çətinliklər gözləyir?
– Mən bu çətinliklərə hazırammı?
– Mənim planım sadəcə getməkdir, yoxsa orada davamlı həyat qurmaqdır?
Çünki xaricə köç ölkə dəyişmək deyil.
Bu, həyatını yeni reallığa uyğun yenidən planlamaqdır.
Foto: Kanada, Nyufoundlənd və Labrador, Memorial universitetində magistr təhsilimin ikinci və ən çətin ilinə aiddir.


