Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Vaqif Bəhmənli:

Gizli

71 yaşın tamamında belə müəmmalı şeiri paylaşmaq, mən biləni, hər şairin hünəri deyil...

Bacarsan... məni sev özündən gizli,
Məni sevdiyini mənə də demə.
Məni sev əlindən, gözündən gizli,
assalar, kəssələr – yenə də demə...


Meh nədi... işıqdan üşüyən gülsən,
Qanmayan rədd olsun, 
                     qanan bilməsin.
Araya qan düşər qardaşın bilsə,
ürəyi partlayar... anan bilməsin!


Məcnun möhnətinə camaat gülür;
aşkar sevgilərin çəpəri olmur.
Məni gizlicə sev, necə ki gülün
çərənçi bülbüldən xəbəri olmur.


Çardaqda sagaldaq “yaralımızı “–
biabır olarıq; hələ diriyik.
Yalnız Allah bilsin parolumuzu -
biz gizli cəbhənin əsgərləriyik!


"Casus" fikir verər hərəkətinə,
minalı canımı min dəfə yoxla.
Gizli gir könlümün məmləkətinə,
fitili özündən aralı saxla!


Şam hanı, mum hanı?... Fələk daş etsə
külünü çırpacaq səməndər bizə.
Ya mən suça batsam, ya sən faş etsən
lənət oxuyacaq həndəvər bizə!


Gizlət ovsunlanmış bir nəlbəkidə,
qur məni bir uşaq evciyi kimi.
Mənsə səni sevim vəhyə çəkilən
Peyğəmbər Allahı sevdiyi kimi!


Sirrim ol... mən sirsiz çətin olaram –
gizli bir fikir də gəlir ağlıma:
Kölgəndə gizlənib itin olaram,
bir şərtlə... boynuma zəncir bağlama!

 

Best coffeeshop in Berlin