Musa Yaqubun xatirəsinə: Sabir Rüstəmxanlıın duyğulu şeiri
Bu gün unudulmaz Xalq Şairimiz Musa Yaqubun anım günüdür.
Sabir Rüstəmxanlının dostunun vəfatına yazıdığı şeiri təqdim edirik. Ruhu şad olsun!
Şair qardaş, ölüm kəsdi aranı,
Günlər keçir, ay dalınca ay gəlir.
Torpaq yenə ağa örtür qaranı,
Dost yerinə bir təpəcik pay gəlir.
Ayrılacaq buğdasıyla samanı
Sovrulduqca xırmanları zamanın.
Qara daşı tükənməz ki, dünyanın,
Biri getsə, beşi ona tay gəlir.
Daha yoxdur sizə gəlmək həvəsim,
Solğun bağda, susqun dağda nə gəzim?
Təsəlli yox gəlhagəldə, əzizim,
Yaxşı gedir, əvəzinə zay gəlir.
Qırılıbdır sözün qartal qanadı,
Yorulubdur yollar yoran inadım.
Dost olmasa bu yerlərin nə dadı,
Musa desəm, boz qayadan hay gəlir.
Çox məclisdə dinləyirəm şerini,
Çox süfrədə boş görürəm yerini.
Masabəyi söz deməyə ərinir,
Mey də çəkmir, süfrəmizə çay gəlir.
03.08.2022
Sabir Rüstəmxanlı


