Tanınmış uşaq yazıçısı Zahid Xəlil ilə görüş keçirilib
(VİDEO+FOTO=110)
23 aprel tarixində Gültəkin Əsgərova adına 200 nömrəli Məktəb-Lisey Kompleksində 4 a sinfinin rəhbəri Rahibə Həsənovanın rəhbərliyi ilə tanınmış uşaq yazıçısı Zahid Xəlil ilə görüş keçirilib. Tədbir şagirdlərin bədii ədəbiyyata marağının artırılması, oxu mədəniyyətinin inkişaf etdirilməsi və milli ədəbi dəyərlərin təbliği məqsədi ilə təşkil edilib.
Tədbiri məktəbin direktor əvəzi Tural Hətəmov açıb. O, çıxışında belə görüşlərin şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb, yazıçılarla birbaşa ünsiyyətin uşaqlarda mütaliəyə marağı daha da artırdığını qeyd edib. Həmçinin bu cür tədbirlərin məktəbdə maarifləndirici mühitin gücləndirilməsinə xidmət etdiyini bildirib.
Daha sonra məktəbin direktor müavini Gülər Rəsulova çıxış edib. O, Zahid Xəlilin Azərbaycan uşaq ədəbiyyatına verdiyi töhfələrdən bəhs edib, onun əsərlərinin uşaqlar tərəfindən sevilərək oxunduğunu diqqətə çatdırıb. Eyni zamanda belə görüşlərin şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.
4a sinfinin sinif rəhbəri Rahibə Həsənova yazıçının həyatı və yaradıcılığı haqqında məlumat verib, onun əsərlərinin uşaqların mənəvi tərbiyəsində mühüm yer tutduğunu bildirib.
Tədbir çərçivəsində şagirdlər də fəal iştirak ediblər. Qönçə Bədirli qonaqları salamlayıb, Ayan İmamverdiyeva isə Zahid Xəlilin yaradıcılığı barədə məlumat təqdim edib. Digər şagirdlər tərəfindən şeirlər səsləndirilib və maraqlı çıxışlar edilib. 4 a sinfinin fəal şagirdi Kamal Kərimovun hazırıadığı suallar maraqla qarşılanıb.
Görüş zamanı şagirdlər yazıçının əsərləri əsasında hazırlanmış səhnəciklər nümayiş etdiriblər. “Güllü corab” səhnəciyində Dəniz Əkbərova, Ruqayyə Məmmədzadə, Damla Sadıqova və İlayda İsayevа çıxış ediblər. “9 nömrəli futbolçu” səhnəciyində isə Məmmədli Murad, Ziya Balaşzadə və Rauf Süleymanlı iştirak ediblər. Səhnəciklər böyük maraqla qarşılanıb.
Tədbirin sonunda 4a sinfinin sinif rəhbəri Rahibə Həsənova Zahid Xəlilə təşəkkür edib, onunla keçirilən görüşün şagirdlər üçün yaddaqalan olduğunu vurğulayıb. Sonda məktəbin həyətində yazıçı ilə xatirə şəkli çəkilib.
https://youtu.be/EqyZzWHhEsw


