Masallıda Çernobıl faciəsinin 40-cı ildönümü qeyd olunub
Masallıda Çernobıl AES-də baş vermiş qəzanın 40-cı ildönümü ilə əlaqədar rayonun Çernobıl veteranları ilə görüş keçirilib.
Aprelin 24-də baş tutan tədbirdə rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək bildirib ki, toplantının məqsədi həm həmin ağır günlərin xatirəsini yad etmək, həm də canları bahasına dünyanı daha böyük fəlakətdən qoruyan qəhrəman masallılılara ehtiram göstərməkdir. O qeyd edib ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin bu sahədə müəyyən etdiyi humanitar siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Görüşdə çıxış edən Çernobıl əlilləri keçdikləri çətin və şərəfli yoldan danışıb, sağlamlıqlarını itirdikləri həmin ağır illərdən sonra dövlətin daim onların yanında olduğunu vurğulayıblar. Veteranlar göstərilən xüsusi diqqətə, sosial təminatın yaxşılaşdırılması və sağlamlıqlarının bərpası istiqamətində atılan addımlara görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir çərçivəsində rayon rəhbəri bir qrup veteranın müraciətlərini fərdi qaydada dinləyib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Akif AĞAYEV


