Ziyarət Cabarova:
Pərvanə Hüseynlinin Rəssamlıq Dünyasında
Saflıq və Səmimiyyət
Müasir dövrümüzdə Azərbaycan incəsənətində fərqli estetik duyumlu, daxili aləmini rəngarəng əsərləri vasitəsilə saf şəkildə əks etdirən gənc istedadlarımız var. Bu baxımdan Hüseynli Pərvanə Valeh qızının yaradıcılığı diqqətəlayiqdir.
11 sentyabr 2003-cü ildə Rusiya Federasiyasının Kostroma şəhərində dünyaya gələn Pərvanənin həyat yolu erkən yaşlarından fərqli inkişaf yolu ilə seçilmişdir. O, təhsil həyatına xüsusi təhsil müəssisəsində başlasa da, bu mühit onun yaradıcılıq potensialının üzə çıxmasına mane olmamış, əksinə, daxili dünyasını ifadə etmək bacarığını daha da gücləndirmişdir. Rəsmə olan marağı hələ 5 yaşından özünü göstərmiş, uşaqlıq instinkti ilə evin divarlarında çəkdiyi sadə gül təsvirləri zamanla formalaşaraq kətanda əks olunmuş tablolara çevrilmişdir.
2017-ci ildən etibarən vətənimiz Azərbaycana köçən Pərvanə yaradıcılıq fəaliyyətini fasiləsiz davam etdirmişdir. 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində aldığı peşəkar təlimlər onun bədii dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Burada Pərvanə yalnız rəsm deyil, həmçinin dulusçuluq, floristika və milli-xarici rəqs sahələrində də bacarıqlarını inkişaf etdirmişdir. Bu çoxşaxəli fəaliyyət onun yaradıcılığında ritm, harmoniya və kompozisiya duyumunun güclənməsinə təsir göstərmişdir.
Pərvanə Hüseynlinin rəngkarlıq üslubuna nəzər saldıqda onun əsərlərində milli motivlərə və simvolik obrazlara xüsusi meyl hiss olunur. Xüsusilə nar, Şuşa və təbiət mövzuları onun yaradıcılığında aparıcı xətt təşkil edir. Nar obrazı Azərbaycan mədəniyyətində bolluq və həyat enerjisinin rəmzi kimi çıxış etdiyi kimi, Pərvanənin əsərlərində də daxili zənginliyin və emosional dolğunluğun göstəricisinə çevrilir. Şuşa təsvirləri isə yalnız məkanın vizual təqdimatı deyil, həm də milli yaddaşın, mənəvi bağlılığın və vətən sevgisinin bədii ifadəsidir. Onun əsərlərindəki əlvan rəng seçimləri də diqqətəlayiqdir. Bənövşəyi, qırmızı və yaşıl tonların üstünlük təşkil etməsi Pərvanənin emosional dünyasının intensivliyindən xəbər verir. Qırmızı enerjini və həyatı, yaşıl ümid və yenilənməni, bənövşəyi isə daxili həssaslıq və poetik duyumu simvolizə edir. Bu rənglərin harmoniyası onun əsərlərinə xüsusi ekspressivlik və səmimiyyət bəxş edir.
Pərvanənin yaradıcılıq fəaliyyəti yalnız fərdi inkişafla məhdudlaşmır. O, ictimai və mədəni tədbirlərdə fəal iştirak edir, müxtəlif mövzulu, çoxsaylı sərgilərdə çıxış edib, müxtəlif diplom, sertifikat və mükafatlar əldə edib. 2024-cü ildə İçərişəhərdə keçirilən sərgilərin birində çəkdiyi “Şuşa” mövzulu əsərini Leyla Əliyevaya təqdim etməsi onun yaradıcılığına verilən yüksək dəyərin bariz göstəricisidir. Gənc rəssamın təkcə öz ölkəmizdə deyil, vətən hüdudlarından kənarda, Moskva və Aktau şəhərlərində sərgi və beynəlxalq festivallarda uğurla çıxış etməsi onun əl işlərinin coğrafiyasını genişləndirmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Pərvanə Hüseynlinin fəaliyyəti yalnız incəsənətlə məhdudlaşmır. Onun ASAN və DOST mərkəzlərində könüllü fəaliyyəti sosial məsuliyyət hissinin və aktiv vətəndaş mövqeyinin bariz nümunəsidir. Bu keyfiyyətlər onun şəxsiyyətinin bütövlüyünü tamamlayır. Bu gün Pərvanənin qarşısında duran əsas məqsəd ali təhsil almaq və gələcəkdə peşəkar rəssam kimi yeni nəsil yetişdirməkdir. Onun bu arzusu yalnız fərdi inkişaf istəyi deyil, həm də incəsənətin davamlılığına verilən töhfə kimi qiymətləndirilməlidir.
Pərvanə Hüseynlinin əsərləri akademik çərçivələrdən daha çox, ürəyin diktəsi ilə formalaşan incəsənətin çox dəyərli nümunəsidir. Məhz bu səmimiyyət və istedad onun gələcəkdə Azərbaycan təsviri sənətində özünəməxsus yer tutacağına ümid bəsləməyə əsas verir.
Ziyarət Cabarova-Qəhrəmanova
Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi,
ARİ-nin “Gənc sənətşünaslar” bölməsi üzrə prezident təqaüdçüsü


