Qulu Məhərrəmli:
Sənət aləmində iz qoymuş rejissor – Rövşən Almuradlı
Yaratdığı əsərdən və yaradıcı prosesdən onun qədər zövq alan və bunu xüsusi şövqlə ifadə edən ikinci bir sənətkar tanımıram. "Dəyirman", "Yaşlı xanımın gəlişi", "Ölüləri qəbristanlıqda basdırın" kimi tamaşalarda, milyoner Musa Nağıyev, Cavad xan haqqında filmlərdə, birgə işlədiyimiz "Ünvansız qız" serialında, həmçunin neçə-neçə unudulmaz sənədli filmlərində də belə idi. Teatrda, TV-də və kinoda yaratdığı bütün əsərlərində, ümumən Azərbaycan sənət aləmində öz dəst-xətti ilə seçilən istedadlı rejissor idi. Ədil İskəndərov məktəbini keçmişdi.
Onun quruluş verdiyi hər bir ekran və səhnə əsəri çox aydın düşüncə, estetik baxış və peşəkar yanaşma ilə fərqlənirdi.
Rövşən Almuradlı sənətə sadəcə peşə kimi deyil, həm də bir məslək və sınət missiyası kimi yanaşırdı. Çox parlaq xarakteri olan şəxsiyyət və sadiq dost idi. Onun rejissoru olduğu "Əsgərlər vurulanda deyil, unudulanda ölür" sənədli filminin Qubada təqdimatı günü dünyasını dəyişməyi məni çox sarsıtmışdı..
Bu gün Rövşən Almuradlının doğum günüdür, biz dostları, sənət adamları və pərəstişkarları onu unutmuruq. Unudulmursa, deməli yaşayır... Qəlblərdə yaşamaq səadəti hər kəsə nəsib olmur, əziz dost.. ruhun şad olsun!


