Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallı RİH başçısı Xırmandalı yaradıcılıq evində 

 

Masallı rayonunda milli-mədəni irsin qorunması və geniş şəkildə tanıdılması məqsədilə həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Bu fəaliyyətlər çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Xırmandalı kəndində yerləşən, təqaüdçü mədəniyyət işçisi Əmrəli Yaqubovun təşəbbüsü ilə yaradılmış yaradıcılıq evinə baş çəkib.
Sözügedən yaradıcılıq evi uzun illərin zəhməti nəticəsində formalaşmış zəngin eksponat kolleksiyası ilə diqqət çəkir. Burada müxtəlif tarixi dövrləri əhatə edən 800-ə yaxın qədim məişət və təsərrüfat əşyası qorunur. Kolleksiya içərisində XVII–XIX əsrlərə aid tüfəng, eləcə də tarixi V–VI əsrlərə qədər uzanan daş məişət nümunələri kimi nadir eksponatlar xüsusi yer tutur. Bu əşyalar bölgənin qədim həyat tərzini, adət-ənənələrini və mədəni xüsusiyyətlərini əyani şəkildə nümayiş etdirir.
Yaradıcılıq evində yalnız qədim məişət əşyaları deyil, həm də Xırmandalı kəndinin qəhrəmanlıq tarixini əks etdirən guşə mövcuddur. Burada II Dünya müharibəsi və Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin fotoları, medalları və həyat yoluna dair məlumatlar sərgilənir. Bu ekspozisiya ziyarətçilərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edir.
Bütün bu eksponatlar Əmrəli Yaqubov tərəfindən şəxsi vəsaiti hesabına toplanıb. Onun sözlərinə görə, əsas məqsəd kəndin tarixi yaddaşını qorumaq, milli-mədəni dəyərləri gələcək nəsillərə çatdırmaq və gənclərdə vətənə bağlılıq hissini gücləndirməkdir.
Baxış zamanı belə təşəbbüslərin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, yerli səviyyədə yaradılan bu cür mədəni ocaqlar milli irsin qorunması və təbliği baxımından mühüm rol oynayır və bu istiqamətdə fəaliyyətlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin