Lizinq şirkətlərinin Mərkəzi Bankın icazəsi olmadan fəaliyyəti qadağan edilir
Azərbaycanda maliyyə icarəsi (lizinq) fəaliyyəti ilə məşğul olmaq üçün yeni tələblər müəyyənləşdirilir.
AZpress.AZ xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Maliyyə icarəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslər məşğul ola biləcək və onlar fəaliyyətə başlamaq üçün Mərkəzi Bank tərəfindən aparılan xüsusi reyestrə daxil edilməlidirlər.
Qeyd olunur ki, reyestrə daxil edilmədən bu sahədə fəaliyyət göstərmək mümkün olmayacaq. Bunun üçün müraciət edən şəxslər müəyyən olunmuş sənədləri və məlumatları Mərkəzi Banka təqdim etməlidirlər.
Bundan əlavə, layihədə maliyyə icarəsi verənlər üçün minimum nizamnamə kapitalı və maliyyə dayanıqlılığı ilə bağlı tələblərin tətbiqi də nəzərdə tutulur. Bu tələblərin konkret məbləği və qaydaları Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.


