Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Halay” folklor kollektivinin hesabat konserti - MASALLIDA

 

Aprelin 20-də Masallı rayonunun Mahmudavar kəndində “Halay” folklor xalq kollektivinin hesabat konserti baş tutub. 
Tədbir kollektivin yaradıcısı Ümbülbanu Cəbiyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunub.
Konsertdən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında çıxış edən Mahmudavar kənd folklor evinin direktoru, “Halay” folklor xalq kollektivinin bədii rəhbəri Natəvan Əliyeva kollektivin yaranma tarixindən, keçdiyi inkişaf yolundan və illər ərzində qazandığı nailiyyətlərdən ətraflı bəhs edib. O, bildirib ki, yaxın vaxtlarda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Halay” folklor kollektivinin yaranmasının 70 illiyinə həsr olunmuş yubiley tədbirinin keçirilməsi planlaşdırılır.
Tədbirdə çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri Akif Ağayev, birliyin üzvü İsa İbadov, Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva, kənd ağsaqqalları Camal Ağayev və Mirzəbala Əliyev, həmçinin ictimai fəal, bloger Mərhəmət Lələyev və folklorçu Elvar Ağayev kollektivin fəaliyyətini yüksək qiymətləndirərək üzvlərə gələcək işlərində uğurlar arzulayıblar.
Daha sonra səhnəyə çıxan veteran və gənc “Halay”çılar rəngarəng folklor nümunələri, milli rəqslər və vətənpərvərlik ruhunda mahnılar təqdim ediblər. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbir sonda xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Məlumat üçün bildirək ki, “Halay” folklor xalq kollektivi Masallı rayonunun Mahmudavar kəndində yaranmış və Azərbaycan folklorunun qorunması və təbliği sahəsində mühüm rol oynamışdır. Kollektivin əsası Ümbülbanu Qulamhüseyn qızı Cəbiyeva və onun anası Ağabacı Mir Cavad bəy qızı Hüseynova tərəfindən qoyulmuş, bu təşəbbüs zamanla bölgənin tanınmış sənət ocaqlarından birinə çevrilmişdir.
Kollektivin formalaşmasına təkan verən hadisələrdən biri 1955-ci ildə Bakıda keçirilən Gənclərin Ümumrespublika Musiqi Festivalı olmuşdur. Festivaldan sonra Ümbülbanu Cəbiyeva talış qızlarından ibarət kiçik folklor qrupu yaratmış və “Lo, lo” xalq mahnısını səhnələşdirmişdir. 1956-cı ildə Bakıdan gələn münsiflər heyəti tərəfindən Mahmudavar kənd klubunda folklor kollektivinin baxış müsabiqəsi keçirilib. 1957-ci ildə kollektivin bünövrəsi qoyulmuş, 1959-cu ildən isə qızlardan ibarət dəstə geniş auditoriya qarşısında çıxış etməyə başlamışdır.
1985-ci ildən Ümbülbanu Cəbiyeva sənətin incəliklərini qızı Natavan Əliyevaya öyrətmiş, 1988-ci ildən isə Natavan Əliyeva Mahmudavar kənd Mədəniyyət evinin direktoru və “Halay” kollektivinin rəhbəri kimi fəaliyyətə başlamışdır.
Sonrakı illərdə “Halay” Azərbaycanın, xüsusilə cənub bölgəsinin mərasim və oyun nəğmələrinin təbliği ilə məşğul olmuş, “xalq kollektivi” adına layiq görülmüşdür. Kollektiv respublikanın müxtəlif səhnələrində çıxış etməklə yanaşı, Macarıstan, Meksika, İraq, Polşa, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdə də Azərbaycanı uğurla təmsil etmişdir.
1983-cü ildə Heydər Əliyev Sarayında keçirilən tədbirdən sonra Ümummilli Lider Heydər Əliyev kollektivin çıxışını yüksək qiymətləndirərək ona “Halay” Xalq Folklor Kollektivi adının verilməsi barədə qərar imzalamışdır.
Kollektiv 1956-cı ildən etibarən müxtəlif tədbirlərdə uğurlar qazanmış, beynəlxalq folklor festivallarında mükafatlara layiq görülmüşdür. Bu nailiyyətlərin nəticəsi olaraq Masallı rayonu 2012-ci ildə “Folklor paytaxtı” elan edilmişdir.
70 yaşlı “Halay” folklor kollektivi milli-mədəni irsimizi qoruyaraq onu dünya ictimaiyyətinə tanıtmaqda fəaliyyətini davam etdirir.
Bu gün folklor nümunələrimizin yaşadılmasında və təbliğində “Halay” kollektivinin üzvlərindən Ayəbəyim Hacıyeva, Güldərən Babayeva, Məhbubə Nuriyeva, Təranə Hacıyeva, Həlimə İbadova, Heyran Sadıqova, Lətifə Abdullayeva, Gülzar Nağıyeva, Pərvanə Məmmədova, Mehparə Qulamova (veteranlar), Arzu Babayeva, Fərizə Babayeva, İranə Sadıqova, Sənanə Sadıqova, Gülər İskəndərova, Şəbnəm İskəndərova, Samira Ağayeva, Xəyalə Həsənova, Rüfanə Fərəcova (gənclər), xüsusilə bədii rəhbər Natavan Əliyevanın əməyi böyükdür.

 

Akif  AĞAYEV
 

Best coffeeshop in Berlin