Tamilla Qulami:
Biz niyə xoşbəxt olmağı bacarmırıq?
Bəlkə də bu, şüurumuzun altındakı sual olsa da, günün sonunda bu barədə düşünmək ağlımıza gəlmir. Həm bəlkə məsələ xoşbəxtliyin özündə deyil. Bəlkə biz ona inanmağı unutmuşuq və ya bəlkə heç onu tanımırıq?! Bəlkə də yaddaşımızın ən dərin qatlarında sevincdən çox, yarımçıq qalmış ümidlərin, qırılmış etibarın və sağalmamış yaraların izi var. Həm deyirlər ki, xoşbəxtlik andır, uzun sürən deyil. Bəlkə də xoşbəxt edə bilməyənlərin uydurmasıdır bu... Kim bilir?
Biz travmalarla böyüyən nəsilik. Müharibə, itkilər, savaşlar yaşamışıq... Ağır uşaqlıq yaşımızda eşitdiyimiz bir söz, gördüyümüz bir baxış, bir laqeydlik bizi içimizdən qoparıb başqa birinə çevirir. Sonra illər keçir, böyüyürük, o travmalar da bizimlə birlikdə böyüyür. Onları gizlətməyi öyrənirik, amma unutmağı yox. Dostoyevskinin dediyi kimi... İnsan hər şeyə alışır və bu onun ən dəhşətli xüsusiyyətidir.
Bəli, biz ağrıya da alışırıq. Və bəzən elə buna görə onu normal saymağa başlayırıq.
Hər yeni münasibətdə, hər yeni addımda, hər yeni yolda köhnə qorxular baş qaldırır. Sanki xoşbəxt olmaq istəyirik, amma eyni zamanda ondan qaçırıq. Çünki biz artıq güvənməyi bacarmırıq.
Güvən bir dəfə qırıldıqdan sonra, o artıq əvvəlki kimi olmur. Zərbə alanda insan təkcə onu vuran adama yox, bütövlükdə insanlara qarşı ehtiyatlı davranmağa başlayır. Sonra gözünün içinə baxa-baxa birinin yalan danışdığını görəndə, həqiqətin özü də şübhəli görünməyə başlayır.
Və Nitşenin dediyi kimi bizi öldürməyən şey bizi gücləndirir. Lakin bəzən bu güclənmə daha sərt, qatı, qəddarlıq ilə qarışdırılır. Biz isə əslində güclənmirik, sadəcə hisslərimizi dondururuq, biz sevməyi buraxmırıq, onu göstərməyi dayandırırıq.
Travmalar həm də xəyanətdən də yaranır. Xəyanət isə tamamilə başqa bir səviyyədir. Və xəyanəti təkcə qadın-kişi münasibətlərinə aid etmək lazım deyil. Qan bağından, can bağından olan fərdlərlə, həmcinslərimizlə də yaşaya bilirik bunu. Və təəssüf ki, xəyanət, yalan sadəcə münasibəti yox, insanın özünə olan inamını da dağıdır. Görəsən mən nəyisə səhv etdimmi sualı içimizdə kök salır.
Və bu nöqtədə də qaçılmaz olan növbəti sual yaranır. Kimdir müqəssir və müqəssirlə nə etməliyik? İlk baxışda cavab asan görünür. Bizi aldadanlar, xəyanət edənlər, yalan danışanlar — günahkar onlardır. Və bu, doğrudur. Amma bu, tam həqiqət deyil.
Yenə Cem Yılmaz demiş, "iskoç bilim adam"ından misal gətirəcəm. Kamyu deyirdi ki, insan yalnız ümidini itirdikdə həqiqətən azad olur.
Bəlkə də biz azad olmaq üçün deyil, məsuliyyətdən qaçmaq üçün başqalarını günahlandırırıq.
Çünki bir müddətdən sonra məsələ artıq yalnız “onlar” olmur. Məsələ bizim necə yaşamağa davam etdiyimiz olur. Biz o zərbələri kimliyimizin mərkəzinə çeviririk. Biz xəyanəti yaddaşımızda yox, həyat strategiyamızda saxlayırıq.
Yaxşı, bəs müqəssirlə nə etməliyik Bağışlamalıyıqmı? Bunu etmək, robot kimi davranmaq asandırmı? Həm də bağışlamaq, geri dönməz olanı dəyişməyin yeganə yoludur deyiblər. Dəyişmək... Dəyişə bilirlərmi, dəyişirikmi? Amma unutmamalıyıq ki, bağışlamaq unutmaq demək deyil. Və bağışlamaq heç də həmişə qarşı tərəf üçün edilən bir mərhəmət deyil. Deyəsən, çox vaxt bağışlamaq özünü azad etməkdir.
Çünki biz də bəzən öz xoşbəxtliyimizin qarşısını alan tərəfə çevrilirik. Qorxularımızı qoruyuruq, divarlarımızı sökmək istəmirik, incinməmək üçün sevməməyi seçirik.
Biz isə artıq qərar verməkdən qorxuruq. Çünki hər qərar bir risk olduğunu düşünürük. Xoşbəxtlik isə risk istəyir. O, güvənmək istəyir. İnanmaq, bağlanmaq, hətta bəzən yanılmaq istəyir.
Tolstoy demiş, xoşbəxt olmaq istəyirsənsə, ol!!!
Ola bilirik ki...
Bu cümlə çox asan və sadə görünür, axı onun içində böyük bir məsuliyyət gizlidir.
Biz artıq yanılmaqdan o qədər qorxuruq ki, doğru olanı da qəbul edə bilmirik. Sanki həyatın qapısını bağlamışıq ki, içəri pis heç nə girməsin. Amma unutmuşuq ki, yaxşı şeylər də o qapıdan daxil olur.
Yadımda qalmayıb, hansısa əsərdə oxumuşdum ki, sizin sevinciniz sizin kədərinizin maskasız halıdır. Bəlkə də məsələ günahkarı tapmaq deyil. Bəlkə də məsələ o günahın həyatımız üzərində hökmranlığını bitirməkdir.
Və bəlkə də ən çətini budur. Keçmişin bizə etdiklərini gələcəyimizə etməmək.
Biz xoşbəxtliyi itirməmişik.
Sadəcə onu qorxularımızın altında gizlətmişik.
Və anladım ki, bu həyatda xoşbəxtlik huzurdadır. Huzur verən hər şey xoşbəxtlikdir...
Sizə diləyim...Moşu demiş...Xoşvaxtlıx, xoşvatlıx, xoşvaxtlıx...


