Nəsibə Zeynalova – 110
Sevinc ƏDALƏTQIZI:
SƏHNƏDƏ ÖLMƏZLİK QAZANAN SƏNƏTKAR
Azərbaycan teatr və kino sənətinə adını qızıl hərflərlə yazmış qadın sənətkarlardan biri də xalq artisti Nəsibə Zeynalovadır. Nəsibə xanım 1916-cı il aprelin 20-də Azərbaycan teatr məktəbinin banilərindən biri, görkəmli sənət xadimi və xeyriyyəçi Cahangir Zeynalovun ailəsində dünyaya göz açmışdı. Belə ki, tale Nəsibə xanımla mülayim rəftar etməmiş, o, hələ iki yaşında ikən atasını itirmişdi. Uşaq yaşlarında aldığı ağır zərbədən sonra çətin həyat yolu keçərək müxtəlif əzab-əziyyətlərlə üzləşmişdir.
Nəsibə xanım orta məktəb illərindən rəqs sənəti ilə məşğul olmuş, milli oyun havalarının incəliklərinə dərindən yiyələnmişdi. O, 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olmuş, sənətə olan marağını daha da gücləndirmişdir. 1934-cü ildən isə mövsümi fəaliyyət göstərən Kolxoz və Sovxoz Teatrında aktrisa kimi çalışmağa başlamışdır. O dövrdə bu teatr Bakıda truppa toplayaraq repertuar formalaşdırır, kənd təsərrüfatının qızğın çağında rayonlara gedərək tamaşalar nümayiş etdirirdi.
Bir il bu teatrda fəaliyyət göstərən Nəsibə xanım 1938-ci ildə yeni yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi qəbul olunmuşdur. Həmin dövrdə o, Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsilini də davam etdirmişdir.
Yeniyetməlik dövründən zəhmətə qatlaşan Nəsibə Zeynalova öz fitri istedadının sayəsində teatr məktəbinə qəbul olunmuşdu. O, Azərbaycan teatr və kino mühitində formalaşmış və bir sıra ziyalılarla tərəf müqabili olmuşdur. Məsələn, Siyavuş Aslan, Lütfəli Abdullayev kimi görkəmli sənət xadimləri ilə çiyin-çiyinə çalışmışdır. Eyni zamanda ekranda və səhnədə bir-birindən maraqlı və yadda qalan parlaq obrazlar yaratmışdır.
Nəsibə Zeynalova Aleksandr Tuqanov, Məhərrəm Haşımov və Ağasadıq Gəraybəyli kimi görkəmli sənət ustadlarından dərs almışdır. O, texnikumda oxuduğu dövrdə klassik teatr əsərlərində də rol alaraq Katarina (“Şıltaq qızın yumşalması”, Uilyam Şekspir), Elvira (“Don Juan”, Jan Batist Molyer) və Yelizaveta (“Mariya Stüart”, Fridrix Şiller) obrazlarını canlandırmışdır.
Aktrisa ömrünü Musiqili Komediya Teatrı ilə bağlamış, teatrın müxtəlif dövrlərdə truppa və ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmamışdır. O, Azərbaycan klassik operettalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan”, “Məşədi İbad”), eləcə də Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”) kimi yaddaqalan obrazlar yaratmışdır.
Azərbaycan tamaşaçısına təbəssüm bəxş edən görkəmli aktrisamızın sənət fəaliyyətində musiqi ilə gülüş eyni müstəvidə dayanır. Hər iki bədii-estetik zövqün təsiri ilə yaratdığı obrazların xarakterik cəhətləri Nəsibə Zeynalovanı bir gülüş ustası kimi də xatırladır.
Nəsibə xanım bu həyatda özünü xoşbəxt bir övlad, qadın və ana kimi də təsdiq edə bilmişdir. Belə ki, o, iki yaşında itirdiyi atası, görkəmli teatr xadimi Cahangir Zeynalovun ailəsində böyüməsi, sonralar Azərbaycanın tanınmış sənətkarlarından biri kimi şöhrət qazanacaq Cahangir Novruzovun dünyaya gəlməsi onun həyatında ən böyük dəyər və qürur mənbəyi olmuşdur.
Aktrisa həyatında üzləşdiyi çətinliklərə baxmayaraq, onun ən parlaq keyfiyyətlərindən biri səhnədə ürəkdən gülməyi bacarması idi. O, xüsusi sevgi və səmimiyyətlə ifa etdiyi obrazlarla bu gün Azərbaycan tamaşaçısının böyük rəğbətini qazanmışdır. Belə ki, Nəsibə xanım Azərbaycan kinosunda “qaynana” obrazı ilə daha çox tanınsa da, bundan əvvəl də bir sıra yaddaqalan obrazlar yaratmışdır. Onun canlandırdığı obrazlar rəngarəngliyi ilə seçilir və hər bir rolunun Azərbaycan tamaşaçısının qəlbində xüsusi yeri vardır. İstər teatrda, istərsə də kinoda yaratdığı “qayınana” obrazı Nəsibə Zeynalovanın yaradıcılığının şah tacı hesab olunur.
Sənətkarı tamaşaçıya sevdirən əsas xüsusiyyətlərdən biri obrazları təbii və bədii çalarlarla ifa etməsi idi. O, daxili səmimiyyətlə, duyaraq oynadığı rolların öhdəsindən yüksək peşəkarlıqla gəlirdi. Bu səbəbdən rejissorlar onunla işləməkdən xüsusi zövq alırdılar. O, tamaşaçını ürəkdən güldürməyi bacarırdı. Həyatında üzləşdiyi çətinliklərə baxmayaraq, Azərbaycan tamaşaçısına sevinc, ruh yüksəkliyi və həyat eşqi bəxş edən rollar təqdim edirdi. Xüsusilə “Yuxu” filmindəki Məsmə nənə obrazını qeyd etmək olar. Həmin obrazı böyük səmimiyyətlə və dərin hisslərlə canlandırmışdır. Onun daxili sarsıntısı, nəvəsi Əlabbasın yoxluğuna inanmaması kimi emosional məqamları tamaşaçıya çox ustalıqla çatdırmışdır. O, həm qaynana, həm də nənə obrazlarında sanki obrazın daxili dünyasını deyil, öz iç dünyasını tamaşaçıya ötürə bilirdi.
Nəsibə Zeynalova Azərbaycan kinosu və televiziya sənətində çoxsaylı unudulmaz ekran əsərlərində çıxış etmişdir. Onun yaradıcılığına “Qayınana”, “Bəyin oğurlanması”, “Ögey ana”, “Dəli Kür”, “Bizim Cəbiş müəllim”, “Qanun naminə”, “Ulduz”, “Qəm pəncərəsi”, “Fövqəladə hadisə”, “Xoşbəxtlik qayğıları”, “Qorxma, mən səninləyəm”, “Məhəllə”, “Yuxu”, “Güllələnmə təxirə salınır!…”, “777 №-li iş”, “1001-ci qastrol”, “Aktrisanın təbəssümü”, “Bizim küçənin oğlanları”, “Qeyri-adi görüşlər” və digər filmlər daxildir.
Nəsibə Zeynalova yaradıcılığının ən parlaq dövrü musiqili komediya sahəsində yaratdığı komik obrazlarla bağlıdır. O, Azərbaycan musiqili teatrının müxtəlif səhnə əsərlərində yaddaqalan və bir-birindən fərqli xarakterlər canlandırmışdır. Onun ən tanınmış komik obrazları sırasında Xanpəri (“Dərviş Məstəli şah”), Nargilə (“Gözün aydın”), Şərəf və Nisə (“Durna”), Məsmə (“Toy kimindir?”), Züleyxa (“Ulduz”), Tükəz (“Hacı Qara”), Tərlan (“Ürəkçalanlar”), Rəxşəndə (“Qızıl axtaranlar”), Münəvvər (“Bir dəqiqə”), Kəblə Fatma (“Hacı Kərimin Aya səyahəti”), Cənnət xala (“Qaynana”), Gülyanaq (“Haradasan, ay subaylıq?”), Qızbacı (“Hicran”), Nazxanım (“Nazxanım naz eləyir”), Fatma (“Həyətim mənim, həyatım mənim”), Ballı (“Qızıl toy”) və Qəmər (“Nəğməli Könül”) kimi obrazlar xüsusi yer tutur. Bu rollar görkəmli aktrisamızın Azərbaycan komediya sənətində əvəzsiz bir sənətkar kimi tanınmasına səbəb olmuşdur.
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə, 87 yaşında dünyaya vida etsə də, onun itkisi milyonların qəlbində dərin kədər və böyük təəssüf hissi yaratdı.
Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi və sevilən aktrisası Nəsibə xanım xalqının qəlbində unudulmaz, yaddaqalan obrazları ilə böyük rəğbətlə, sevgi ilə yaşayır.
Bugün dəyərli və ölməz sənətkarımızın 110 illik yubileyi münasibətilə onun əziz xatirəsini ehtiramla yad edirik.
Sevinc ƏDALƏTQIZI
Yazıçı-publisist


