Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kitablar səltənətinin incisi: 
“Sərgüzəşti-vəziri-xani-Lənkəran”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında  Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” mütaliə silsiləsindən izləyicilərə Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasından bir parça təqdim olunur.
Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi, dramaturq, tərcüməçi, həyatının böyük hissəsini maarifçiliyə həsr etmiş yazıçı, şair, filosof və ictimai xadim kimi müasir dövrümüzdə də adı ehtiramla yad edilən Mirzə Fətəli Axundzadə ilk şeirlərini “Səbuhi” – səhər adamı təxəllüsü ilə ictimaiyyətə təqdim etmişdir. 
Onun “Şərq poeması” (böyük rus şairi A.S.Puşkinin ölümünə yazılıb) əsərindən sonra yazdığı pyeslər səhnələrdə dəfələrlə yeni quruluşlarda uğurlar qazanmışdır.   “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükünu məşhur” pyesi 1876-cı ildə  “Dərviş Parisi partladır”, “Sərgüzəşti Mərdi-Xəsis”  pyesi “Hacı Qara” adı ilə 1929-cu ildə məşhur rejisor və aktyor A.M.Şərifzadə tərəfindən ekranlaşdırılmışdır. Hacı Qara rolunu tanınmış aktyorumuz Mirzəağa Əliyev oynamışdır. Film günümüzə qədər gəlib çatmamışdır. Yalnız 2022-ci ildə filmə aid 38 saniyəlik epizod tapılmışdır. 
“Mürafiə vəkillərinin hekayəti” pyesi 2011-də film-tamaşa kimi ekranlara çıxmışdır.  Film-tamaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” 13 aprel 2010-cu il tarixli Sərəncamı əsasında çəkilib. 
1977-ci ildə “Aldanmış ulduzlar” operası “Aldanmış kəvakib” adlı satirik povest əsasında səhnələşdirilmişdir.  Ən məşhur pyesləri “Sərgüzəşti -vəziri-xani-Lənkəran”, “Hekayəti Xırsi-Quldurbasan” pyesləri  daima oxucuları maraqlandırıb. 
Vaxtilə Tiflisdə yaşayıb işləyən zaman Mirzə Fətəli Axundzadə öz vəsaiti hesabına inşa etdirdiyi bina Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən 1982-ci ildə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi adlandırıldı. 1996-cı ildə Heydər Əliyevin Tbilisiyə rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunmuş və həmin vaxtdan Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərir. 2007-ci ildə Gürcüstan Prezidentinin sərəncamına əsasən Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilmişdir.
“Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir. Mövzusu xanlıqlar dövrünün həyatından götürülmüşdür. Əsərdə ailə-məişət münasibətləri, qarşılıqlı sevgi məsələsi, feodal ictimai-siyasi həyatı təsvir edilir. Komediyada xanlıq idarə üsulu komik dillə ifşa olunur. Axundov bu əsərdə məişət səhnələrini yüksək ustalıqla təsvir edir. Obrazların dili xalq danışıq dilinə yaxındır. Bu komediya Azərbaycan milli teatrının yaranmasında və dramaturgiyanın inkişafında böyük rol oynamışdır. 
Mərkəzi kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə İldırım komediyadan bir parça səsləndirərək izləyicilərə təqdim edir və yaradıcılığı ilə Azərbaycanın mədəni və ictimai fikir tarixində yeni bir dövrün – maarifçi realist dövrünün başlanğıcını qoyan  ədibin digər əsərlərini də oxumağı tövsiyə edir. 
Əsərdən bir parça aşağıdakı keçiddə təqdim olunur:
https://www.youtube.com/watch?v=PZyx1FoKhKE

Best coffeeshop in Berlin